Cənubi Qafqazda sülh dövrünə qədəm qoyulmaq üzrədir. Azərbaycan və Ermənistan regionda sülhün, əməkdaşlıq mühitinin təmin olunması üçün bütün səylərini ortaya qoyduqları təqdirdə sülh dövrünün astanasında olduğumuz bəlli olur. Artıq hər iki dövlət heç bir kənar iştirakçı olmadan bütün məsələləri ortaya qoyub öz aralarında müzakirələr aparırsa, bu, elə sülhə gedən yolu daha da tezləşdirir. Daha doğrusu, artıq sülhə gedən yol göz önündədir və bu yolun uğurlu olacağına əminliyimiz kifayət qədərdir.

Qarşılıqlı etimad mühitinin və xoş niyyətlə aparılan müzakirələrin, danışıqların, əməkdaşlığın reallaşması artıq sülh yoluna başlanıldığı barədə çox xoş bir mesaj verir. Çünki sülh yolunda həllini gözləyən məsələlər artıq öz həllini tapmaqdadır və məsələlərin ən doğru, aydın və qanuna uyğun şəkildə həll edilməsi istiqamətində atılan addımlar həmin o xoş mesajı təsdiqləyir. Sadəcə olaraq, bəzən çox təəssüflər olsun ki, Ermənistanın davranışınlarını, mövqeyini tez-tez dəyişdirdiyinin şahidi olmuşuq və ümid edirik ki, artlq rəsmi İrəvan öz mövqeyini dəyişməyəcək, öz qərarlarını özü verəcək. Güman edirik ki, iki dövlətin təkbətək görüşməsindən, qərar verməsindən narahat olan dövlətlər Ermənistanın daxili siyasətinə bundan sonra qarışa bilməzlər, çünki buna da lüzum qalmır. Sadəcə olaraq, təmkinli olmaq lazımdır. Heç şübhəsiz ki, sülh müqaviləsinin sabah imzalanacağını demək olmaz, amma Cənubi Qafqazda sülhün bərqərar olması artıq qamılmazdır. Regionda sülhün yaradılması isə region ölkələrinin iqtisadi inkişafı üçün əvəzsizdir. Sülh müqaviləsinin imzalanması ələlxüsus rəsmi İrəvan üçün daha vacibdir, çünki məhz sülh Ermənistanı düşdüyü bataqlıqdan xilas edə bilər. Sülhə gedən yol erməni xalqı üçün daha çox vacibdir.

Doğrudur, İkinci Qarabağ müharibəsindən 3 ildən də bir qədər artıq vaxt keçməsinə baxmayaraq, hələ də sülh əldə olunmayıb. Əfsus ki, buna mane olan xarici qüvvələr öz mənfi təsirlərini göstərə biliblər və həmin təsirlərin olması da təkzibedilməzdir. Bununla bağlı çox böyük təəssüf hissi var, amma səbbələri də mövcuddur. Əsas məqamlardan biri məsələn, məhz ABŞ-dakı erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır. Çünki, ABŞ-dakı erməni lobbisi bir çox hallarda ölkədəki konqresmen və senatorların qərarlarına təsir edə bilir. Nəticədə Konqresdəki bir çox siyasətçilər zaman-zaman qərəzli bəyanatlar səsləndirirlər. Bəzən isə hətta həddi aşaraq, məsələn, antiterror tədbirlərinə görə belə Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıblar. Heç şübhəsiz ki, bu cəhdlərin hamısı boş, mənasızdır və senatorlar, konqresmenlər qətiyyən nəyə isə nail ola bilməzlər, hansıki bunun reallıq, həqiqət olduğunu özləri də yaxşı bilirlər. Hətta sevindirici haldır ki, artıq bu həqiqətlər, o cümlədən sülh istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, baş verən proseslər nəinki Bakının, ümumilikdə Cənubi Qafqazın maraqlarına uyğun şəkildə gedir. Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş bir çox razılaşma da bunun əyani sübutudur.

Rəsmi Bakının hərbi-siyasi, diplomatik, strateji üstünlüklərinin açıq-aşkar reallığı Azərbaycana həm sülh danışıqlarında, həm də mümkün eskalasiya variantlarında nailiyyətlər qazandırır. Ən azından, formalaşan mənzərədən belə qənaətə gəlmək olur. Liderlərin gündəmi ilə regionda cərəyan edən hadisələr göstərir ki, itiriləcək heç nə yoxdur. Əksinə, qazanılacaqlar hədsiz dərəcədədir və bunu Ermənistan tərəfi də nə qədər tez başa düşürsə, bir o qədər daha tez sülhə nail olunur. Üstəlik, erməni separatçılarının belə artıq bütün istiqamətdə yolları bağlıdır və hansısa formada müdaxilələri mümkünsüzdür. Onların silah təminatı yolu artıq qapalıdırsa, Azərbaycan sərhədçiləri Laçın yolunun Ermənistanla birləşən nöqtəsində keşik çəkərək Qarabağa giriş-çıxış üzərində hüquqi nəzarət həyata keçirirlərsə, deməli, kimlərinsə, ələlxüsus da separatçıların regiona burun soxmaları artıq özlərinin belə ağıllarına gələ bilməz. Bu isə o deməkdir ki, sülhə gedən yolda tikanlar da artıq aradan qaldırılıb və məhz sülhə gedən yol heç də uzaq yol deyil.

Qalib Azərbaycan dövləti hər zaman olduğu kimi, hətta postmüharibə dövründə də regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir. Bunu qətiyyən təkzib etmək olmaz. Təsadüfi deyil ki, bu təkzibi heç ölkəmizin əleyhində olan qüvvələr də edə bilmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi Bakının müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Əbəs yerə deyil ki, Azərbaycanın ədalətli yanaşmasına, beynəlxalq hüquqa əsaslanan və ümümi məqsədlərə xidmət edən prinsipial mövqeyinə beynəlxalq səviyyədə böyük önəm verilir və daim diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Azərbaycan Prezidenti daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə sülh paketi təqdim edib. Bu sənəddə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi müddəalar yer alıb. Bir sözlə, müəmmalı qalan nə isə ola bilməz. Bu isə o deməkdir ki, sülhə gedən yol heç də uzun yol deyil və buna nail olacağına zərrə qədər şübhə ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə