Yanğın hadisəsi zamanı yaşlı qadın həlak olub

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, iki mərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yanğının lokallaşdırılıb.

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə