“Türkiyə Əlcəzairdə inşaata ən çox sərmayə yatıran ölkədir”

Vitse-prezident Cevdet Yılmaz Türkiyənin Afrika qitəsində ən çox sərmayə yatırdığı ölkənin Əlcəzair olduğunu bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin vitse-prezidenti Əlcəzairə səfəri çərçivəsində Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və Ticarət naziri Ömer Bolat ilə birlikdə Dünya Türkiyə İş Şurasının təşkil etdiyi Türkiyə İş Görüşü proqramında iştirak edib. Buradakı çıxışında Cevdet Yılmaz Əlcəzairin Türkiyə ilə yüksək səviyyəli əlaqələrindən bəhs edib və bu ölkə ilə hər sahədə münasibətlərin yaxşılaşdırılmasına böyük və xüsusi əhəmiyyət verdiklərini bildirib: “İki ölkə arasında ticarət həcmi artmaqda davam edir. Türkiyənin Afrika qitəsində ən çox sərmayə qoyduğu ölkə Əlcəzairdir. Birbaşa sərmayələr baxımından 6 milyard dollarlıq mühüm həcmə çatdıq. Yeni ticarət həcmi hədəfimiz 10 milyard dollardır. Həm də Türkiyənin Əlcəzairdə neft və təbii qaz sahələri istisna olmaqla, ən çox sərmayə qoyan və ən çox məşğulluğu təmin edən ölkə olması bizi çox sevindirir.

Əlcəzair Afrikada inşaat sahəsində ən çox müqavilə bağladığımız ikinci, dünyada isə yeddinci ölkədir. Bu günə qədər 636 layihə üçün müqavilələr bağlamış Türkiyə şirkətləri 21,3 milyard dollarlıq ticarət həcminə nail olub.

Türkiyə Əlcəzairdəki layihələrdə şirkətlərə dəstəyini yenə də davam etdirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə