Əli Yerlikaya terrorla mübarizə əməliyyatlarını qiymətləndirib

Türkiyənin Batman şəhərinin Gercüş rayonunda həyata keçirilən "Bozdoğan-45" əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Terrorçulardan birinin ''qırmızı kateqoriya'' üzrə axtarışda olduğu bildirilib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya rəsmi internet səhifəsində etdiyi paylaşımda əməliyyat zamanı 6 təhlükəsizlik xidməti əməkdaşının şəhid olduğunu, 19-nun yaralandığını, həmçinin iki terrorçunun zərərsizləşdirildiyini deyib.
Əməliyyata Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri, ATAK helikopterləri və J-SİHA silahlı pilotsuz uçuş aparatı dəstək verib.
Əli Yerlikaya bildirib ki, bayram günləri ərzində separatçı terror təşkilatının 11 üzvü zərərsizləşdirilib. Onlardan 2-nin ''qırmızı'', 4-nün ''narıncı'', 2-nin isə ''boz kateqoriya'' üzrə axtarışda olduğu qeyd olunub.
Terrorla mübarizə mövzusunda qətiyyətli olduğunu vurğulayan Yerlikaya deyib: "Şəhidlərimizin qanı yerdə qalmayıb, qalmayacaq. Xainlərə nəfəs almalarına imkan verməyəcəyik. Əməliyyatları fasiləsiz davam etdirəcəyik''.

Bütün xəbərlər Facebook səhifəmizdə