"İndiyə qədər 12 milyard vəsait ayrılıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Torpaqlarımız işğaldan azad olunduğu gündən etibarən 2020-ci ilin noyabrından sonra başlıca məqsəd 30 illik bir müddətdə öz ata-baba yurdlarından uzaq düşən soydaşlarımızın yurdlarına qaytarılması idi. Bunun üçün ölkə Prezidentinin tapşırığı əsasında böyük proqramlar həyata keçirildi. Birinci növbədə zəfər yolunun çəkilməsi, kommunikasiyaların bərpa olunması, işıq, elektrik enerjisinin təminatı ilə bağlı işlərin həyata keçirilməsi, digər infrastrukturların bərpa olunması və başlıca olaraq isə birinci "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində bütün işlərin ardıcıl, sistemli və fundamental şəkildə həyata keçirilməsi üçün qəbul olunan bu proqram çərçivəsində işlər çox yüksək şəkildə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bu işlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin olmasıdır ki, indiyə qədər 12 milyard vəsait ayrılıb: "Bundan sonra da bu vəsaitlərin ayrılması davam edəcək. Bu ilin, 2024-cü ilin dövlət büdcəsində ilkin olaraq 4 milyard nəzərdə tutulmuşdu, sonradan isə bu ilin iyun ayında büdcəyə 1 milyard 160 milyon manat yenidən vəsait ayrıldı.

Artıq Zəngilan, Füzuli, Laçın, Şuşada soydaşlarımız yaşayırlar. Bütövlükdə antiterror əməliyyatından sonra bütün yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı qaldırılıb. Vətəndaşlarımızın artıq oralara köçüb yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Eyni zamanda məlumdur ki, Xocalı, Xankəndidə də həyat qaynayır. Dövlət qurumlarının orada bərpa olunması ilə yanaşı artıq soydaşlarımız da oraya köçür. Qarabağ Universitetinin açılması bu mühüm hadisələrdən biridir. Digər infrastrukturların olması və bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşlarımız öz ata-baba yurdlarına qayıtdıqdan sonra mənzillə təmin olunmaqla yanaşı, iş yerləri ilə də təmin olunurlar.

Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə mütəmadi olaraq səfər etməsi, Mehriban xanım Əliyevanın oraya getməsi, vətəndaşlarla görüşməsi, onların mənzillərində olması, bunların hər biri eyni zamanda insanlara inam və mənəvi dayaq deməkdir. Bütövlükdə qarşıdakı yaxın illərdə 150 mindən çox soydaşımızın öz ata-baba yurdlarına qaytarılması artıq müəyyənləşdirilib".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə