Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub - FOTO

Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub. Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qurumun sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

“ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Qazaxıstan Respublikasının nümayəndələri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olublar.

Xatırladaq ki, qonaqlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə