"Dünyada çox ciddi problemlər mövcuddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib. Burada müasir dünyanı narahat edən müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun mövzusu “Parçalanmış dünyanın bərpası” adlanır. Həqiqətən də dünyada çox ciddi problemlər mövcuddur. Dünyanın münaqişə potensialı həddindən artıq yüksəlib, bəşəriyyət çox ciddi təhdidlərlə üz-üzə qalıb. XI Qlobal Bakı Forumu çərçivəsində bir qayda olaraq dünyanı narahat edən müxtəlif məsələlərin həlli yolları axtarılır”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, forumda Azərbaycan Prezidenti çıxış etdi və müxtəlif məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirdi: “Gələcəkdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdə bu vəya digər məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında təsəvvürlər yarandı. Xüsusilə Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti ilə bağlı ölkə Prezidenti mövqe ifadə etdi. İlham Əliyev Fransada Natavanın heykəlinin təhqir olunması məsələsinə də toxundu”.

Millət vəkili bildirib ki, forum Azərbaycanı dünyaya tanıtmaq imkanı təqdim edir: “Burada dünyanın 70 ölkəsindən 350-dən çox qonaq iştirak edir. Qonaqlar siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət başçıları və tanınmış simalardan ibarətdirlər. O insanların dünya siyasəti, idarəetmə və digər sahələrdə böyük təcrübələri var. O təcrübə mübadiləsi hesab edirəm ki, dünyanı narahat edən məsələlərin həlli istiqamətində səmərəli ola bilər. XI Qlobal Bakı Forumunun töhfələri bundan ibarətdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə