“Azərbaycan xalqının iradəsini heç nə ilə sarsıtmaq mümkün deyil“ - DEPUTAT DANIŞDI

“Azərbaycan xalqının iradəsini heç nə ilə sarsıtmaq mümkün deyil“ - DEPUTAT DANIŞDI

“Ölkə başçısının Milli Məclisdə andiçmə zamanı etdiyi çıxış, söylədiyi fikirlər qarşıdakı illər üçün Azərbaycanın ictimai-siyasi həyatının, sosial-iqtisadi inkişafının yol xəritəsidir. Cənab Prezident çıxışı zamanı bir çox məsələlərə qiymət verdi və qarşıda duran məqsədləri xalqa çatdırdı. İlk olaraq dövlət rəhbəri çıxışı zamanı Azərbaycanın qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri olan ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin həllini bizim zəfərimiz adlandırdı və növbədənkənar Prezident seçkilərinin keçirilməsini də yeni mərhələnin başlaması ilə əlaqələndirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, yeni dövrdə qarşımızda böyük vəzifələr dayanır və ölkə rəhbəri də çıxışında bu vəzifələrin müxtəlif aspektlərinə toxundu: “İlk olaraq beynəlxalq aləm, dünyada gedən proseslər və bu proseslərdə Azərbaycanın mövqeyi və rolu haqqında danışdı və çox açıq şəkildə bildirdi ki, dünyada ciddi narahatedici problemlər var. Bütün bunlar isə bizi öz qüvvələrimizi səfərbər etməyə sövq edir.

Eyni zamanda ölkə lideri haqlı şəkildə vurğuladı ki, Azərbaycan artıq dünyanın aparıcı dövlətlərindən biridir və öz mövqeyini hər zaman göstərir, həmçinin Azərbaycan xalqının iradəsini heçnə ilə sarsıtmaq mümkün deyil.

Digər tərəfdən dövlət başçısı bir daha bildirdi ki, türk birliyimizin daha da möhkəmlənməsinə ciddi ehtiyac var və biz bu ailə içərisində daha tərəqqiyə yönəlik yaşaya bilərik. Bu istiqamətdə yəqin ki, qarşıda daha mühüm işlər görüləcək.

Həmçinin texnoloji islahatların aparılmasının vacibliyi də qeyd olundu. Dövlət lideri göstərdi ki, dünyada artıq 4-cü sənaye inqilabı başlayıb, Azərbaycanın da qarşısında ciddi vəzifələr dayanır.

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın qüdrətindən xəbər verir. Digər tərəfdən Azərbaycanın ekoloji sağlamlıq, yaşıl enerji ilə bağlı davamlı işi də qiymətləndirilir.

Sosial siyasətin də daim prioritet olduğunu Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı. Göstərdi ki, Azərbaycan vətəndaşları bundan sonra da sosial rifah halında yaşayacaqlar və gələcəkdə bizim sosial-iqtisadi inkişafımızın uğurlarını hər kəs öz həyatında hiss edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə