Tarixinin ən qüdrətli Azərbaycanı növbəti mühüm seçim qarşısındadır. Xalq prezident seçkilərinə böyük coşqu ilə hazırlaşır. Bu, müstəqillik tariximizin sayca 9-cu prezident seçkiləridir. Belə ki, 30 ildən sonra ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni, bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu dövr suverenliyimizin təmin olunduğu 20 sentyabr tarixindən başlayır və yeni hədəflərlə zəngindir. Bu dövrün xeyir-duasını 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri verəcək. Hər bir Azərbaycan vətəndaşı seçki hüququndan istifadə edərək bu prosesdə fəal iştirak edəcək, qalib xalqın qalib Liderinə səs verməklə zəfərlərimizin davamlılığına dəstək olacaq. Eyni zamanda, bu seçkilər ölkəmizə düşmən gözü ilə baxanlara qarşı daha inamlı mübarizə aparmağımız üçün bizə yeni siyasi güc verəcək. Prezident İlham Əliyevin hər bir müsahibəsi çağırışlarla zəngin olduğu kimi, yanvarın 10-da verdiyi müsahibəsində ölkəmizin bu günü, gələcəyi, əsasən də Qarabağda baş verən proseslərlə bağlı çox vacib məqamlara toxunub, mövcud reallıqları diqqətə çatdırıb, qarşıda görüləcək işlərdən, planlardan bəhs edib, eyni zamanda, ciddi mesajlar verib "Yeni dövrün yeni hədəfləri olmalıdır" çağırışı qarşıdakı illərdə Azərbaycanın aydın mənzərəsini təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq: "Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq".
Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyev iqtisadi amilə xüsusi önəm verərək digər sahələrin də inkişafı üçün möhkəm təməl yaratdı. Bu siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bu günümüzü müstəqilliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri də etiraf edirlər ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan, xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev bildirir: "Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir."
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində bildirdi ki, biz ölkəmizin suverenliyini tam bərpa etmişik: "Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz". Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq".
Ölkə rəhbəri, eyni zamanda, müqəddəs üçrəngli bayrağımızın Xocalı və Xankəndidə ucaltdığı zaman keçirdiyi hisslərini bölüşərək bildirdi ki, "Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi".
Prezidentin müsahibəsində önəmli məqamlardan biri də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri barədə fikirləri və seçkiləri şərtləndirən əsas amillərlə bağlı səsləndirdiyi açıqlamalar oldu. Prezident İlham Əliyev bunu ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi: "Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi". İkinci səbəbin ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyini vurğulayan dövlət başçımız əlavə etdi ki, prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. "Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur".
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcək. Yeni dövrün yeni hədəfləri olmalıdır: "Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək".
Bir sözlə, əvvəlki seçkilərdə olduğu kimi, Azərbaycan xalqı yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Çünki xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik".
Bir sözlə, Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təvazökarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 20 il ərzində sözü ilə əməli bir olan, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanan, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir. İnanıram ki, 7 fevral 2024-cü il tarixində Azərbaycan xalqı cənab İlham Əliyevə səs verməklə yeni hədəfləri birlikdə həyata keçirməyin ilk addımını atacaq.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB