Sülh sorğusu və “Qarabağ klanı” - ANALİTİK

Sülh sorğusu və “Qarabağ klanı” - ANALİTİK

Ermənilərin “Böyük Ermənistan” arzularının dəfn edildiyi və bu işdə onlara Azərbaycanın yardımçı olduğuna kimsənin şübhəsi yoxdur. “Hay”lar öz hesablarını aldılar, iştahları dillərinin altında qaldı, ibtidai düşüncələri ilə güman edirdilər ki, Azərbaycandan zaman-zaman torpaqqoparma seriallarını davam etdirəcəklər. Çox təəssüf ki, 30 illik işğalı kimlərində günahı və kimlərinsə xəyanəti ucbatından sürdürə bildilər. Amma əllərindəkiləri legitimləşdirə, dünyanın növbəti erməni dövlətinə çevirə bilmədilər. Daha doğrusu, dünyada elə bir dövlət tapılmadı ki, beynəlxalq səviyyəli qanunsuzluğa, bəşəri cinayətə haqq qazandırsın, Qarabağdakı qanunsuz dövləti tanısın. Bəs bu gün Ermənistanda nə düşünürlər?

Ermənistan mətbuatını bir az vərəqləmək yetər ki, rəsmi və qeyri-rəsmi dairələrdə danışılanlardan xəbər tutasan. Demək olar ki, burunları ovulan bütün ermənilər sülh və əmin-amanlıq istəyir. Düzdür ara-sıra Qarabağı unutmadıqlarını dilə gətirirlər, amma daha döyüşmək istəmirlər. Dünyada insanların müəyyən bir məsələ ilə bağlı fikirlərini öyrənməyin ən asan yolu hesab edilən sosioloji sorğularda da ermənilər skeptik fikir səsləndirirlər. Əslində, xüsusən də Ermənistanda sorğuların nəticələri şübhəli görünür. Və burada söhbət təkcə respondentlərin qeyri-səmimi cavablar verə bilməsində deyil, həm də sorğunun kimin sifarişi ilə keçirildiyi, səsləri kimin və necə sayacağı ilə bağlıdır. Və burada bizi maraqlı kəşflər gözləyə bilər.

Bu, “FactInfo”-nun Youtube kanalında keçirdiyi sorğunun məqsədi Azərbaycanla imzalanmış sülh müqaviləsinin Ermənistan üçün sülhə zəmanət verib-verməyəcəyi ilə bağlı əhalinin fikrini öyrənmək olub. Belə ki, sorğunun nəticələrinə əsasən məlum olub ki, əksəriyyət sülh gündəminə inanmır. Sorğuda 8100 nəfər iştirak edib. Respondentlərin 66%-nin fikrincə, Azərbaycan qoşunları “Ermənistan ərazisində olduğu müddətdə” sazişin bağlanması sülhə zəmanət verməyəcək. Respondentlərin yalnız 4%-i buna baxmayaraq sülhün mümkün olduğuna inanır.

Respondentlərin 19%-i hesab edir ki, Ermənistan ilkin şərt irəli sürməli və qoşunların çıxarılmasını tələb etməlidir. Respondentlərin 9%-i Azərbaycanın qoşunlarını çıxarmayacağına əmindir. “Beləliklə, qeyd etmək olar ki, Nikol Paşinyana cəmi 4% dəstək var və onun qərarları legitim sayıla bilməz”, - deyə müxalifət mediası qeyd edir və belə qənaətə gəlir ki, etimad və dəstəyi olmayan indiki hakimiyyət insanların səsvermə hüququ üzərindən siyasət yürüdür. Maraqlıdır, belə çıxır ki, kiçik bir qrup insan (etiraf etməlisiniz ki, 8000 sorğu iştirakçısı bütün ölkə deyil) və hətta hakimiyyətə tam sadiq olmayan bir kanalda belə, hökumətin sülh müqaviləsindən nəticə çıxarmaq siyasətini dəstəkləmədiklərini iddia edirlər. Yəni burada manipulyasiya aləti var. Eyni sorğu Ermənistan hakimiyyətinə sadiq bir saytda aparılsa, təbii ki, tamam fərqli nəticələr əldə etmək olar. Tamamilə aydındır ki, “Faktİnfo” sorğusu internetdə aparılıbsa, onda əsasən radikal gənclər iştirak edib, onlar müharibənin nə olduğunu, hansı bəlalar və bədbəxtliklər gətirdiyini anlamırlar. Amma hərbi yaşda övladı olan orta və yaşlı insanlar, yaxud oğullarından biri Qarabağda birinci və ya ikinci müharibədə həlak olan valideynlər arasında sorğu keçirsəniz, sülh tərəfdarları böyük əksəriyyət təşkil edəcək.

Ermənilər qorxur, artıq sevdiklərini müharibədə itirmək istəmirlər, ona görə də sülh tərəfdarıdırlar. Bunu erməni mətbuatı da yazır: “Bilirsinizmi, hər gün soydaşlarımızla internetdə yox, real həyatda ünsiyyətdə olanda eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə görürəm ki, onların demək olar ki, hamısı sülh və əmin-amanlıq istəyir. Bəli, onlar Qarabağı unutmurlar, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. Bəli, düzünü desək, yuxarıdakı sorğunun nəticələrinə inanmaq olmur. Müştərilərinin tələblərinə cavab vermək üçün asanlıqla tənzimlənə bilər. Və burada, tamamilə aydındır ki, Paşinyanın sülh təşəbbüslərinə zərbə vurmaq üçün aydın məqsəd qoyulub. Onun sülh gündəminin azlıq tərəfindən dəstəkləndiyini deyirlər. Amma bu, sırf manipulyasiyadır, Ermənistanın özündə yaşamaqla bunu asanlıqla təkzib etmək olar”.

Maraqlıdır ki, sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri də var. Məlumdur ki, erməni diasporu arasında əhval-ruhiyyə həmişə müharibəyə köklənib. Bəs 44 günlük müharibə zamanı bu ermənilərə kömək etdimi? Nə qədər diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar. Elə isə gəl, özün döyüş, niyə Ermənistandakıları yeni müharibənin ağuşuna itələyirlər? Deməli, sorğu zamanı əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir. Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, onların arxasında duranlar sadəcə olaraq yeni mitinqlər, etirazlar yaratmaq üçün erməniləri çaşdırmağa çalışırlar.

Sponsorlar dedikdə, təbii ki, illərdir ermənilərin də qanını içən keçmiş “Qarabağ klanı” nəzərdə tutulur. Ermənilər onların manipulyasiyasına və təbliğatına uysalar, qan içməyə davam edəcəklər. Axı, ən əsası odur ki, yeni müharibə olsa belə, ölkədən qaçan Moskvada, Krasnodarda, Parisdə və Londonda məskunlaşan yetkin şəxslər deyil, yerli gənclər olacaq, əlbəttə, Levon Köçəryan və ya Mikael Minasyan deyil. Ermənilər bəzi suallara elə özləri cavab verərək: “Sülh istəmirsənsə, silaha sarıl və sərhədə doğru yürüş et. Bəlkə bundan sonra ölkədə kimsə sizə inana”.

Ermənistan gündəmində daha nələr var?

Ermənistan müdafiə nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. İkitərəfli yunan-erməni və üçtərəfli müdafiə sahəsində məsləhətləşmələr keçirilib. Müdafiə nazirliyinin nümayəndələri birgə əməkdaşlıq sahəsində proqramlara imza atıblar. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinin qəsdən ləngidiyini istisna etməyib. Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalır. O, bu barədə Ermənistan Xarici İşlər Nazirliyində qarşıdan gələn bayramlar – Yeni il və Milad bayramları münasibətilə keçirilən qəbulda çıxışı zamanı bildirib. Tədbirdə Ermənistanın digər ölkələrdəki diplomatik nümayəndələri, Ermənistan XİN-in mərkəzi aparatının əməkdaşları, eləcə də xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər. Paşinyan çıxışı zamanı vurğulayıb ki, sülh gündəmi hökumət üçün prioritet olmaqda davam edir: “Biz, əvvəllər dəfələrlə qeyd etdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsipə əsaslanan sülh gündəliyinə sadiq qalırıq. Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngidiyini göstərməyəcək. Təbii ki, bu cür fikirlər daha çox əsaslandırılarsa, o zaman çox dərin narahatlıq doğurmalıdır”.

Mənbə əmin edir ki, baş nazir Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının və MDB Rəhbərləri Şurasının iclasında iştirak edəcək. Bu iddia ilə “Hraparak” qəzeti də çıxış edib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün “U dönüşü” etməyə hazırlaşır: “Hakim partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan gileyləniblər ki, “Qərb onların addımlarını düzgün dəyərləndirmir, buna görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb”. Bununla onlar qarşıdakı tədbirlərdə iştiraka dair mesaj veriblər. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Kreml Nikol Paşinyanın MDB liderlərinin qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcəyi barədə siqnal alıb.

“Zəngəzur dəhlizi ideyası Ermənistanın iradəsindən asılı olmayaraq həyata keçiriləcək”. Bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib. “Zəngəzur dəhlizi” ifadəsi türkdilli siyasi lüğətdə regional layihələr kontekstində yenidən aktivləşdirilib. Ermənistan rəhbərliyi ölkə daxilində insanları əzir, həbs edir, lakin Azərbaycan və Türkiyəyə baş əyir, dedikləri ilə razılaşır, güzəştə gedir. Hələ də aydın deyil ki, dəhliz məsələsinin necə həyata keçirilməsi nəzərdə tutulur? Fikrimcə, İrəvanın nəyəsə müqavimət göstərməsi qeyri-realdır”, – T.Abramyan bildirib.

Beləliklə, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması barədə britaniyalı jurnalist Tomas de Vall da fikirlərini bölüşüb və əsasən pessimist olduğunu deyib: “İki ölkə arasında müharibə təhlükəsi həmişə mövcuddur”. Son vaxtlar erməniprəst mövqeyi ilə seçilən Tomas de Vallın proseslərin bundan sonrakı inkişafı haqda dedikləri də diqqətdən yayınmır. Onun fikrincə, mövcud vəziyyətdə kommunikasiyaların açılması hamının marağındadır: “Lakin indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəbdir və mən nəticə əldə etmək üçün lazım olan konsensusu görmürəm. Türkiyə Ermənistanla sərhədin açılmasını, Naxçıvana və Azərbaycanın əsas hissəsinə, orada da Xəzər dənizinə dəmir yolu üzərindən çıxış əldə etməyi istəyir. Amma burada əsas məsələ Gümrü və Zəngəzurdan keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağıdır”.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə