Prezidentimiz sülhün, qurub yaratmağın tərəfdarıdır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni, hərbi quruculuq sahələrində, beynəlxalq aləmdə qazandığı uğurlar onun gələcək inkişafına yollar açır və qazanılan nəticələri daha da möhkəmləndirir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, düşmən üzərində tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha özünün sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət amallarını ortaya qoydu və dünyaya bəyan etdi ki, Azərbaycan qalib dövlət olmasına, uzun illər erməni təcavüzündən əziyyət çəkməsinə, dünyanın bir çox ölkələrinin ədalətsiz mövqeyi ilə qarşılaşmasına, haqqı, hüquqları boğulmasına baxmayaraq Ermənistanla sülh şəraitində yaşamaq, düşmənçiliyə son qoyulması fikrindədir.
“Dövlətimizin rəhbəri dəfələrlə bildirir ki, biz məhv etməyin, viran qoymağın, qan axıtmağın, insanlara zülm etməyin yox, qurub yaratmağın, tikməyin, abadlaşdırmağın, xalqlara xoşbəxt həyat bəxş etməyin tərəfdarıyıq. Bu yol ata-babalarımızın, Ulu Öndərimiz Heydər Əliyevin yoludur və onun faydaları Azərbaycan xalqının rifahına yönəldilmişdir.
Ölkənin sosial-iqtisadi inkişafına dair mühüm dövlət proqramlarının uğurla həyata keçirilməsi və bu gün də davam etdirilməsi Azərbaycanın iqtisadi-mədəni həyatını tamamilə dəyişmişdir. Yol, işıq, qaz, su, nəqliyyat problemlərinin köklü surətdə aradan qaldırılması, regionda yaşayan əhalınin həyat tərzinin yaxşılaşdırılması, sosial sahələrdə mümkün layihələrin yerinə yetirilməsi insan amilinə verilən dəyərin əyani ifadəsi kimi qiymətlidir. Məhz bu amillər 44 günlük müharibədə, eləcə də 23 saatlıq antiterror tədbirlərində xalqımızı bir yumuruq kimi Prezidentimizin ətrafında sıx birləşdirdi, ordumuza güc, qüvvət verdi, düşmən üzərində tarixi qələbəmizi təmin etdi.
Azərbaycan torpaqlarını azğın düşməndən azad etmək, xalqın rifahını yüksəltmək üçün əməli tədbirlər görmək, bütün qüvvələri ölkənin sosial-iqtisadi qüdrətinin yüksəldilməsinə cəlb etmək, ölkəni beynəlxalq aləmdə tanıtmaq və söz sahibi etmək Prezident seçildiyi ilk gündən cənab İlham Əliyevin həyat amalı, vəzifə borcu oldu və dövlət rəhbəri fəaliyyəti dövründə bu vəzifələri şərəflə yerinə yetirməkdədir. Prezidentimiz tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərin tez bir zamanda bərpa edilməsini qarşıya məqsəd qoymuşdur və bu gün həmin ərazilərdə görülən möhtəşəm işlər-müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq əhəmiyyətli təyyarə meydanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin, Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması ali məqsədlərin ardıcıl həyata keçirilməsinin ifadəsidir.
İşğaldan azad olan əraziləri cənnətə çevirəcəyik devizi bu gün hər bir azərbaycanlının ürəyindədir və ölkə rəhbərinin xoşməramlı çağırışları xalqımız tərəfindən yüksək dəyərləndirilir. İnsanlarımız qələbələrimizlə fəxr etdikləri, qürur duyduqları kimi görülən quruculuq, abadlıq, məskunlaşma işləri ilə də fəxr edirlər. Çünki ərazilərin bərpası, həmin torpaqların yararlı hala salınıb əkin dövriyyəsinə daxil edilməsi, dağıdılmış, viran edilmış şəhər və kəndlərimizin canlandırılması iqtisadi inkişafımızın əsasıdır, dövlətimizin daha da qüdrətlənməsi deməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal idarəetmə mərkəzinin, Cahangirbəyli su elektrik stansiyasının açılışında iştirak etməsi, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. Görülən işlər və nəzərdə tutulan tədbirlər, dövlət rəhbərinin müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi, yeni tapşırıqlar verməsi və işlərin gedişini daim nəzarətdə saxlaması dövlətə, torpağa, xalqa məhəbbətin, verilən vədə sədaqətin nümunəsi olmaqla bərabər, vətənin ucaldılması, xalqın bir mübariz yaradıcı, sülhsevər kimi tanıdılmasıdır.
Azərbaycan xalqı cəbhədə qazandığı qələbələri bu gün tikinti meydançalarında təkrarlayır və dünyaya sübut edir ki, təcavüz, qan tökmək, ev yıxmaq hünər deyil, hünər alilik, insanlıq, bacarıq, sülhü qorumaq, torpağı əkib-becərmək, insanlara həyat verməkdir. Bu ali dəyərlər Azərbaycan xalqına, dövlətimizin rəhbərinə xasdır və insanlığa, haqq-ədalətə arxalanmaq dövlətimizi ucaldır və daim ucaldacaqdır”, - deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə