Prezident İlham Əliyev: "Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək"
Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də keçirilmiş cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi, görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi və qeyd etdi ki, bu ilin altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi oldu.
Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb.
"AZƏRBAYCANIN QEYRİ-NEFT SƏNAYESİ 6,5 FAİZ ARTIB VƏ QEYRİ-NEFT SEKTORU, ÜMUMİYYƏTLƏ, 3 FAİZDƏN ÇOX ARTIB"
Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın 2023-cü ilin altı ayında əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik.
Prezident İlham Əliyev müşavirədə onu da bildirib ki, qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin, ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə, yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.
Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.
GÖRÜLƏN İŞLƏR 5 İL ƏVVƏL, 2018-Cİ İL APRELİN 11-DƏ KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB LİDERİMİZİN SÖZÜNÜN İMZASI QƏDƏR DƏYƏRLİYİNİN TƏSDİQİDİR
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsi ilə başa çatdı. "Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”,- dediyi bu sözləri 5 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. Və dövlət başçısı hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır.
Dövlət başçısı müşavirədə onu da bildirdi ki, ölkkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı çox böyük maliyyə resurslarımızın cəlb olunduğunu deyən dövlətimizin başçısı deyib: "Biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu da təbiidir. Beynəlxalq vəziyyət bəllidir".
Bir sözlə, bu gün qələbəmizdən keçən cəmi iki il yarıma yaxın müddətdə ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur.
"BU İLİN SONUNA QƏDƏR QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA TƏQRİBƏN 12 MİLYARD MANATA QƏDƏR VƏSAİTİN XƏRCLƏNMƏSİ TƏMİN EDİLƏCƏKDİR"
Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə, Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
"BEYNƏLXALQ HÜQUQA, BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏTNAMƏLƏRİNƏ BEL BAĞLAMAQ OLMAZ"
Bəli, dövlət başçısının dediyi kimi bu gün beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz : «Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz».
Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik.
"Görülən bütün işlər bir kimsədən bir manat belə almadan Azərbaycan öz hesabına həyata keçirir", deyən dövlət başçısı müşavirədə bildirdi ki, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz: "Xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər".
"BİZ ÖZÜMÜZÜ QORUMAQ ÜÇÜN DAHA GÜCLÜ OLMALIYIQ"
"Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar". Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Bütün böyük ölkələrin beynəlxalq hüquq normalarını pozduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır”.
Bəli, bu gün görülən işlər göz önünüdədir. Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.
"SİLAHLI QÜVVƏLƏRİMİZİN MODERNLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ İŞLƏR PLAN ÜZRƏ GEDİR"
Prezident İlham Əliyev müşavirədə onu da vurğulayıb ki, iki istiqamət üzrə - hərbi potens və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Dövlətimizin başçısı çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırdı. Bir daha şahid olduq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir. Bu gün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına imkan yaradır.
"Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir". Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatların hələ başa çatmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir”.
Prezident deyib ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir, Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır: "Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir".
"AZƏRBAYCANLA HƏDƏ-QORXU, ULTİMATUM DİLİ İLƏ HEÇ KİM DANIŞA BİLMƏZ"
"Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz",-deyən dövlət başçısı onu da vurğulayıb ki, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır: "Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq".
"Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb", - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın: "Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz".
Müşavirədə dövlətimizin başçısı ekoloji məsələyə də toxunub və konkret tapşırıqlarını verib. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəнgəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir.
Bəli, bütün bu uğurlu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
Göründüyü kimi, müşavirədə göstərilən bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir.
Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Ümumilikdə, dövlət başçımızın 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB