Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub - FOTOLAR

Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub - FOTOLAR

Azərbaycanın Serbiyadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Serbiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç, hər iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, burada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşlər keçirdiyini, serb həmkarı ilə iki ölkənin parlamentləri arasında anlaşma memorandumunu imzaladıqlarını və bu sənədin parlamentlərarası əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Sədr 1918-ci il mayın 28-də Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək müsəlman Şərqində ilk demokratik parlamentli respublika qurduğunu qeyd edib. Həmin dövrdə dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyi, ilk parlament və hökumətin qurulduğu, o cümlədən dövlət atributlarının yaradıldığı, dövlət sərhədlərinin müəyyənləşdirildiyi və Azərbaycanın beynəlxalq münasibətlər sisteminin aktoru kimi tanınması sahəsində mühüm addımların atıldığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan hələ 1918-ci ildə Müsəlman Şərqində, hətta bəzi Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verən ilk ölkə olub.

S.Qafarova ötən il Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu, bu illər ərzində əlaqələrin dinamik inkişaf etdiyini söyləyərək, hazırda bu münasibətlərin möhkəm dostluq, qarşılıqlı inam və anlaşma ilə səciyyələndiyini qeyd edib. O, hər iki ölkənin suverenlik və ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun prinsipial mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Nikola Selakoviç 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan-Serbiya dostluq münasibətlərinin daim genişlənməsinin, ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etməsinin məmnunluq doğurduğunu söyləyib. Cari ildə Belqradda Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirildiyi xatırladılıb, iki ölkə arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələrdən bəhs olunub.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 28 May - Müstəqillik Gününün Azərbaycanın dövlətçilik tarixində ən önəmli günlərdən biri olduğunu qeyd edərək, 105 il əvvəl İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında, ilk dünyəvi, parlamentli demokratik respublika olan, demokratiyanı və bütün vətəndaşların bərabərliyini özünün əsas prinsiplərindən biri kimi elan edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə müfəssəl məlumat verib.

Son üç onillikdə Azərbaycanda həyatın bütün sahələrində böyük irəliləyiş əldə edildiyi, insan hüquqlarına və qanunun aliliyinə hörmət əsasında demokratik cəmiyyət qurulduğu, Azərbaycan xalqının həyat səviyyəsinin keyfiyyətcə yüksəldiyi qeyd edilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünyada hörmət olunan ölkəyə çevrildiyi və nəhayət Ermənistanın 27 il ərzində məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini özü yerinə yetirdiyi, 2020-ci ildə Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi vurğulanıb. Hərbi münaqişənin başa çatmasının Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığı bildirilib.

Diplomat hər iki ölkənin dövlət başçılarının, hökumət rəsmilərinin qarşılıqlı rəsmi səfərlərinin Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da genişləndirdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Belqrada səfəri zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalanmasının bu baxımdan tarixi bir mərhələ olduğu qeyd olunub. Səfir Azərbaycan ilə Serbiya arasındakı möhkəm dostluq tellərinin zamanın sınağından çıxdığını və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, qarşılıqlı etimad və hörmətə söykəndiyini vurğulayıb.

Tədbirdə hər iki ölkənin Dövlət himnləri Belqrad Uşaq Mədəniyyət Mərkəzinin “Ulduzu tap” vokal qrupu tərəfindən səsləndirilib. Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş dünya şöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.

Belqrad şəhərinin Slaviya meydanında yerləşən fəvvarə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Tədbir qonaqların şərəfinə verilmiş ziyafətlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə