Laçın şəhərində əhalinin sayının 18 min nəfərə çatacağı proqnozlaşdırılıb

Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq.

SİA-nın xəbərinə görə, bunu Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planının təqdim edilməsi zamanı İsveçrənin “SA Partners” şirkətinin həmtəsisçisi və tərəfdaşı Dunya Kovari-Binggeli bildirib.

Qeyd edilib ki, Beynəlxalq Hava Limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə