Alternativi olmayan sülh - BAXIŞ BUCAĞI

Alternativi olmayan sülh - BAXIŞ BUCAĞI

Ermənistan və Azərbaycan rəhbərləri Aİİ sammitində ərazi bütövlüyünün qarşılıqlı tanındığını bəyan ediblər

Moskvada Azərbaycan-Ermənistan sülh müzakirələrinin növbəti raundu çox maraqlı detalları ilə yadda qaldı. Üçtərəfli götüşdən əvvəl Ali Avrasiya İqtisadi Birliyinin sammitində qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev destruktiv fikirləri, yanlış yanaşmaları ilə gündəmə gəlmək istəyən Ermənistanın baş nazirini, sözün əsl mənasında, yerində oturtdu. Paşinyanın arqumentlərində böyük səhvlərə yol verdiyini, dəhlizlə yolun fərqinə vara bilmədiyi iradını bildirdi. Ermənistanın baş naziri öz çıxışı ilə beynəlxalq münasibətlər sistenindən, norma və prinsiplərdən nə qədər uzaq olduğunu bird aha nümayiş etdirdi.

Görüşdə sülh sazişi ilə bağlı hansısa sənədlərin imzalanacağı gözlənilsə də, əsas gündəm regionda kommunikasiyanın açılması üzərində quruldu. Cəmi 20 dəqiqə çəkən üçtərəfli görüşün yekun razılaşması “kommunikasiyanın açılması üzrə üçtərəfli işçi qrupu”nun gələn həftə görüşməsi oldu.

Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hansı statusda - “maneəsiz keçid”, “dəhliz”, yoxsa “yol” məntiqi ilə açılacağı hələ də mübahisə mövzusudur, deyə bilərik. Amma daha önəmli məsələdə, yəni tərəflərin bir-birinin ərazi bütövlüyünü rəsmən tanımasında əldə edilmiş razılaşma gələcək danışıqlar üçün münbit mühit yaradır. Prezident İlham Əliyevin də dediyi kimi, bu, sülh müqaviləsinin imzalanması ətrafında aparılan danışıqları asanlaşdırır.

Moskvada keçirilən görüşdə şıxış edən Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, Ermənistan və Azərbaycan arasında Qarabağda yaranan vəziyyət nizamlanmaya doğru gedir. Qalan suallar texniki xarakterlidir:
“Hələ həll olunmamış məsələlər var, amma məncə, - biz bu barədə Azərbaycan tərəfdən olan həmkarlarımızla, Ermənistan tərəfdən isə həmkarlarımızla danışdıq, - bunlar sırf texniki xarakter daşıyır”.

Rusiya prezidenti həmçinin qeyd edib ki, həm Paşinyan, həm də Əliyev problemin həllini tapmağa hazırdır, danışıqlara hazırdır. Bundan əvvəl Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri arasında nəqliyyat əlaqələrinin bloklanmasına həsr olunmuş danışıqların Moskvada aparılacağını bildirilmişdi.

Ərazi bütövlüyünün qarşılıqlı tanındığı barədə bəyanat

Qarabağ münaqişəsi sona yaxınlaşır. Ermənistan və Azərbaycan liderləri ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Qarabağdakı ermənilərlə tezliklə dialoqun baş tutacağına ümid etdiyini bildirib. Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı vaxtdan İrəvanla sülh sazişi mümkündür.

Ermənistanın baş naziri Nikol Paşinyan həmçinin xatırladıb ki, Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini “beynəlxalq mexanizm çərçivəsində” təmin etmək vacibdir. O, həmçinin "Bakı ilə Qarabağ erməniləri arasında qısa müddətdə normal, konstruktiv dialoqun başlayacağına" ümid etdiyini bildirib.

Aİİ-nin Moskvada keçirilən sammitində Azərbaycan və Ermənistan rəhbərləri arasında gərgin diskussiya olub. Buna səbəb İlham Əliyevin işlətdiyi “Zəngəzur dəhlizi” ifadəsi olub. Paşinyanın fikrincə, bu ifadə Ermənistana qarşı “ərazi iddialarını ifadə etməyə xidmət edir”. Baş nazir xatırladıb ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatında yalnız bir dəhlizdən - Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizindən söhbət gedir. İlham Əliyev isə cavabında bəyan edib ki, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməli olan dəhliz onun ərazisinə təcavüz deyil. “Demək istəyirəm ki, bizim Ermənistana belə ərazi iddialarımız yoxdur. İstifadə etdiyim “dəhliz” sözünə gəlincə, mən onu Şimal-Cənub dəhlizinə münasibətdə eyni şəkildə işlətmişəm, eyni şəkildə bu söz Şərq-Qərb dəhlizinə münasibətdə işlədilir. “Dəhliz” adı heç bir halda kiminsə ərazisinə təcavüz deyil. Bu, beynəlxalq termindir”.

Bundan başqa, Xankəndidən Ermənistana gedən və Laçın rayonu ərazisindən keçən yolun işləməsi məsələsində də fikir ayrılığı olub. Ermənistanın baş naziri deyib ki, bu “dəhliz” bağlanıb, Azərbaycan Prezidenti isə bununla razılaşmayıb. Rusiya prezidenti Vladimir Putin Paşinyan və Əliyevlə üçtərəfli görüş ərəfəsində deyib ki, uğurlu müzakirə və ziddiyyətlərin aradan qaldırılmasına ümid edir: “Ümid edirəm ki, biz həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün iqtisadi inkişaf maraqları sferasında kifayət qədər aydın olan şeyləri razılaşdıra biləcəyik. Mənə elə gəlir ki, bizim üçtərəfli formatda bütün bunları ətraflı müzakirə etməyə vaxtımız olacaq”.

Putin həmçinin vurğulayıb ki, ərazi bütövlüyü məsələsində Bakı ilə İrəvan arasında fundamental razılaşmalar vacibdir. Nəticədə, o əlavə edib ki, ikinci dərəcəli məsələlərdə də konsensus əldə oluna bilər.

Bundan əvvəl Nikol Paşinyan vurğulamışdı ki, regionda yaşayan ermənilərə qarşı “etnik təmizləmə və soyqırımı siyasətinin davam etdirilməsini” istisna edəcək təminatlar yaratmaq lazımdır. Bundan başqa, o əlavə edib ki, Ermənistan Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. “Azərbaycanla sülhün və münasibətlərin qurulmasına dair saziş üzrə intensiv danışıqlar gedir və biz mətn üzrə ən qısa zamanda razılığa gəlib imza atacağımıza ümid edirik”, - Paşinyan bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qaçılmazdır: “Biz inanırıq ki, sülh sazişinin imzalanması qaçılmazdır və biz öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərməyə çalışırıq”. Azərbaycan Prezidenti vurğulayıb ki, sülh sazişi “beynəlxalq prinsipləri və normaları” əhatə etməlidir.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1975-ci il xəritələri əsasında aparılmalıdır.

Kreml sülh ehtimalını dəyərləndirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağını proqnozlaşdırmaq çətindir, lakin belə bir sazişin imzalanması “yaxın gələcəkdə” mümkündür. “İndi heç kimin sülh müqaviləsinin imzalanma tarixini proqnozlaşdıra bilməsi ehtimalı azdır. İndi vəziyyət bir çox cəhətdən dəyişib və konseptual olaraq onlar bizə yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa imkan verir”, - Kremlin sözçüsü bildirib.

Eyni zamanda, Peskovun sözlərinə görə, iş səviyyəsində artıq “heç bir süni maneə” olmamalıdır.

Xatırladaq ki, mayın 25-də Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında ərazi bütövlüyünün tanınması əsasında münasibətlərin normallaşması üçün “ciddi” ilkin şərtləri açıqlayıb.

Baş nazirlərinin müavinləri Moskvada görüşəcək

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk 2023-cü il mayın 25-də Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında danışıqların Moskvada aparılacağını bəyan edib. Bu görüşün mahiyyəti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərini müzakirə etməkdir: “Baş nazir müavinlərinin görüşü Moskvada olacaq”.

Overçuk həmçinin əlavə edib ki, hər üç tərəf həm məsələnin mahiyyətini, həm də onun həlli üsullarını yaxşı bilir, ona görə də indi danışıqlar daha çox texniki detalların müzakirəsinə həsr olunacaq, çünki bu, son dərəcə mühümdür, çünki söhbət məsələnin həlli mexanizmlərindən gedir. “Konkret olaraq, biz sadəcə keçidin hansı qaydada və hansı prosedurlardan ibarət olacağı barədə danışacağıq”, - deyə baş nazirin müavini əlavə edib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib ki, “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər. Ümid edirik ki, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”.

Qeyd edək ki, iyunun 1-də keçiriləcək görüşdə Ermənistan və Azərbaycan liderləri Almaniya kansleri, Fransa prezidenti və Avropa Birliyi Şurasının sədri Şarl Mişelin iştirakı gözlənilir.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin dərin diplomatik biliyi və tutarlı arqumentləri qarşı tərəfi növbəti dəfə susmağa və reallıqla barışmağa məcbur etdi. Paşinyan hələ də Zəngəzur dəhlizinin açılmasına şübhə ilə yanaşır, amma unudur ki, “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev bu məsələni də qısa müddətə reallaşdıracaq. Artıq Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı canfəşanlıq etməsi əbəsdir, Azərbaycanın yaratdığı reallıq dəyişməzdir. Buna Ermənistanın gücü çatmaz.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə