Prezident İlham Əliyev: "Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir"
"Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrikində bildirib. Bildiyimiz kimi, Azərbaycanın pravoslav xristian icması Milad bayramını hər il təntənə ilə qeyd edir. Milad bayramının yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olduğunu bildirən Cənab Prezident bu müqəddəs gün münasibətilə bayram təbriklərini yetirərək, ailələrinə xoşbəxtlik, süfrələrinə bol ruzi-bərəkət arzulayıb.
Qafqazda ilk xristian məbədlərinin ölkəmizin ərazisində yaranması təsadüfi hal deyil. Azərbaycan bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir. Dünya dövlətləri Azərbaycanın bu sahədəki təcrübəsinə böyük mariq götərirlər. Belə ki, Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir və təsadüfü deyil ki, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. "Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir", - deyə Cənab Prezident təbrikində qeyd edib.
"RESPUBLİKAMIZDA GEDƏN BÖYÜK İNKİŞAF VƏ QURUCULUQ PROSESİNDƏ VƏTƏNDAŞLIQ BORCUNU LAYİQİNCƏ YERİNƏ YETİRİRLƏR"
Əlbəttə ki, Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Bütün dünya ölkələri bu mühitə maraq göstərməsi də məhz mövcud mühitdən qaynaqlanır. Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlət başçısı "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər", - deyə bildirib. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub.
VAHİD BƏŞƏRİYYƏTİN RƏMZİ
Bütün etnik və dini qruplar öz bayramlarını uğurla qeyd edirlər. Pravoslav xristian icmasının Milad bayramı Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən, onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.
Deyilənlərə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni məxsusi yemək olmadan bu bayramı təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda daha bir ənənə olub: bayram günlərində yalnız təzə libaslar geyinirdilər. Məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq bütün arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, qəm-qüssədən uzaq olmalı, həyatdan zövq almalıdırlar.
Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlər boyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.
Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".
Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, ən çətin anlarda belə bunu əməli fəaliyyətdə sübut ediblər. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması fikirlərimizi əsaslandırır.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB