Ekologiya və ətraf mühitin mühafizəsi prioritetdir - TƏHLİL

Ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması hər zaman olduğu kimi, hal-hazırda da bütün dünya üçün prioritet məsələ hesab olunmaqdadır. Çünki bizi əhatə edən ətraf mühitin, ekologiyanın mühafizəsi ilk növbədə insan cəmiyyəti üçün ən lazımlı, ən vacib məsələdir. Ona görə ən vacib məsələdir ki, ekoloji şərait ilk növbədə, bütövlükdə insan cəmiyyətinə, yer üzünün bütün insanlarına öz təsirlərini göstərməkdədir və məhz bu baxımdan ekologiyanın, ətraf mühitin mühafizəsi bütün bəşəriyyətin diqqət mərkəzində olmalıdır.

Sözsüz ki, insan cəmiyyəti inkişaf etdikcə, insanların sayı artdıqca, təbii sərvətlərin istismarı da, onların tullantıları da artmaqdadır. Bizi əhatə edən ətraf mühitə tullantıların miqdarının artması da öz növbəsində ekoloji tarazlığa öz mənfi təsirini göstərməyə bilməz. Məhz bu baxımdan təbii ehtiyatlardan rasional istifadə ümumbəşəri məsələyə çevrilib. Su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi, ekoloji tarazlığın qorunub saxlanması üçün lazımdır. İndi bütün bəşəriyyət məhz həmin ehtiyatlarla bağlı məsələlərə olduqca həssas yanaşmalıdır. Çünki həmin təbii sərvətlərin qorunması, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji tarazlıqla bağlı ortaya çıxa bilən arzuolunmaz hallar bütövlükdə dünya ictimaiyyətini narahat etməyə bilməz.

Cəmiyyət inkişaf etdikcə, buna müvafiq olaraq, istehsalın və istehlakın da artması başadüşüləndir. O da başadüşüləndir ki, bu proseslərin fonunda hətta texniki vasitələrin, avadanlıqların sayı da armaqdadır. Bununla paralel şəkildə təbii ehtiyatların sərfiyyatında da artımlar olmalıdır və bu da anlaşılandır. Deməli, həmin ehtiyatların getdikcə azalması, hətta tükənməsi belə gözləniləndir. Şübhəsiz ki, məhz buna görə də bərpası mümkün olmayan təbii ehtiyatlardan səmərəli istifadə edilməsi insanları düşündürməyə bilməz. Ələlxüsus da bu, ona görə insanları düşündürür ki, ilk növbədə həmin təbii ehtiyatların gələcək nəsillərə də qorunub saxlanılması gərəkir. Digər tərəfdən də, həmin təbii ehtiyatlardan istifadə zamanı ekoloji tarazlığın pozulması, tullantılara yol verilməsi, təbiətin çirkləndirilməsi nəticə etibarı ilə yenə də insan cəmiyyətinin özü üçün fəlakətli vəziyyət vəd edir deyə, təbii ehtiyatlardan qənaətlə, səmərəli şəkildə istifadə edilməli, mühafizəsinə daha çox diqqət yetirilməlidir.

Unutmaq lazım deyil ki, Azərbaycan neft hasil edən və ixrac edən ölkədir. İnsanların ictimai həyatında əvəzolunmaz yer tutan, insanların gündəlik həyatlarının bir çox sahələrində istifadə edilən həmin neft məhsullarının həm hasil edilməsi, həm də istehlakı zamanı səmərəlilik nəzərə alınmazsa bu, ilk növbədə tullantıların həcminin artmasına, ətraf aləmin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Məhz Azərbaycanda ekoloji siyasət bütün bunları nəzərə alaraq həyata keçirilir və məqsəd də, əlbəttə ki, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasından ibarətdir. Əgər belə bir siyasət həyata keçirilməsə, ətraf mühitin elə insan cəmiyyətinin özü tərəfindən çirkləndirilməsinin, təbiətin, fauna və floranın mühafizəsinin qarşısını almaq mümkün olmaz. Sözsüz ki, xoşagəlməz halların qarşısının alınması üçün yarana bilən ekoloji problemlərin təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramlarının təsdiq edilməsi, illər ərzində onların icrası istiqamətində tədbirlərin görülməsi heç də təsadüfi və əbəs yerə deyil.

Əlbəttə ki, sovetlər dövründə, yəni, müstəqilliyimizin bərpasına qədər olan dövr ərzində Azərbaycanda ekoloji məsələlərə diqqət yox dərəcəsində olub. Azərbaycan ərazisində tullantılara, istehsal zamanı yaranan arzuolunmaz ekoloji şəraitin yaxşılaşdırılmasına fikir verən olmayıb və bu, o dövrün mərkəzi hakimiyyətinin qətiyyən maraq dairəsində hesab edilməyib. O zaman mərkəzi hakimiyyəti maraqlandıran məhsul istehsalı, zavodların var gücü ilə çalışaraq daha çox gəlirlə işləməsi idi. Hətta zavod və fabriklərin var gücü ilə işləməsi fonunda atmosferi çirkləndirən zəhərli qazlar barədə Moskvada düşünmək istəyən də olmayıb. Həmin dövrlərdə Sumqayıt şəhərinin timsalında sənaye şəhərlərində ətraf mühitə, atmosferə külli miqdarda zəhərli qazlar buraxan zavodlar tikilib istifadəyə verilmişdi ki, onlar da havanı, ətraf mühiti həddindən artıq çirkləndirirdi. Ümummilli Lider Heydər Əliyevin həmin dönəmdə bu məsələyə narazılığını bildirməsi, buna qarşı olması, ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirməsi Moskvanı qane etmirdi və SSRİ rəhbərliyi daim ölkəmizin ekoloji cəhətdən qorunmasına, mühafizəsinə xüsusi diqqət, xüsusi qayğı ilə yanaşan Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni edirdi.

Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətin ayrıldığı dərhal hiss olundu. Birinci növbədə respublikamızın ayrı-ayrı bölgələrinin, ələlxüsus da paytaxt Bakının yaşıllaşdırılması işinə başlanıldı. Bir-birinin ardınca yaşıllıq sahələri salındı, hansıki hələ də bu ənənə davam etdirilir. Sözsüz ki, burada başlıca məqsəd ekoloji tarazlığın bərpa edilməsi idi və buna artıq elə həmin dönəmdən başlanılmışdı. Ekologiya ilə məsələlər təkcə yaşıllaşma ilə bitmədi, məhz Ümummilli Liderin rəhbərliyi ilə ekoloji strategiya müəyyənləşdirildi, hansı ki, bu, “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında işlənib hazırlanmışdı. Bunun ardınca, 1998-ci ildə qəbul edilən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” görülən işlərin davamı kimi yadda qaldı. 2000-ci ildə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanun qəbul olunması, 2001-ci ildə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə işlər tamamilə nizama salındı.

Hal-hazırda da ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir, prioritet hesab olunur və Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi şəkildə diqqət və qayğı göstərir. Məhz ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. Məhz cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində təbiətin qorunması istiqamətində praktiki və əməli addımlar atıldığının hər birimiz çanlı şahidiyik. Cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib ki, bu, öz nəticəsini artıq göstərmişdir. Ekoloji tarazlığın bərpası istiqamətində mühüm nəticələrin əldə olunması bunu təsdiq edir. 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması cənab Prezidentin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyini, eləcə də xüsusi diqqət ayırdığını isbatlayır.

Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz sözügedən məsələyə çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə qətiyyən laqeyid deyil. Elə ekoaktivistlərin dinc aksiya keçirmələri də bu baxımdan təsadüfi sayılmır, ekologiyanın çirklənməsinə qarşı Azərbaycan cəmiyyətinin haqq səsinin ucaldılması kimi qiymətləndirilir. Sərvətlərimizi talan edən, yerini də viran qoyan ermənilərin filiz yataqlarımızda da analoji vəziyyətə səbəb olan əməllərinə qarşı cəmiyyətimizin çıxması, ətraf mühitin qorunmasının bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha təsdiq edir. Təsdiq edir ki, cəmiyyətimiz məhz ermənilərin ərazilərimizi işğal altında saxladığı dövrdə bizə məxsus olan torpaqlarda ekoloji terror törətmələri, fauna və floraya ciddi şəkildə ziyan vurmaları, su hövzələrimizə, meşələrimizə, yaşıllıqlarımıza qənim kəsilmələri, sularımızı çirkləndirmələri, ağacları qırıb daşımaları, yaşıllıqları məhv etmələri, yandırmaları, ərazilərimizin həm bitgi örtüyünə, həm də heyvanat aləminə zərər yetirmələri, nəticədə də ekoloji tarazlığı pozmaları cəmiyyətimiz tərəfindən qəbuledilməz hesab olunur. Bu həm də onu təsdiq edir ki, Azərbaycan ekologiyanın, ətraf mühitin, təbiətin qorunduğu, mühafizə edildiyi bir ölkədir, ölkəmizdə ekoloji məsələlərə həssas yanaşılır, ekologiya və ətraf mühitin mühafizəsi prioritetdir.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə