2023-cü il media üçün necə yadda qaldı? - RƏYLƏR

Bildiyiniz kimi, Yeni ilin daxil olmasına sayılı günlər qalıb. Təbii ki, hər kəsin 2024-cü ildən müxtəlif gözləntiləri var. Gəlin görək, media rəhbərlərinin Yeni ildən gözləntiləri nələrdir. SİA mövzu ilə bağlı media kapitanları arasında sorğu keçirib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu: “2023-cü il ərzində media ilə bağlı ən yaddaqalan məqam "Media haqqında" qanunun qəbulu oldu. Çünki köhnə KİV haqqında qanun 18 il idi ki, nə yenilənirdi, nə də dəyişirdi. Halbuki bu 18 il ərzində həm beynəlxalq jurnalistikada, həm də Azərbaycan jurnalistikasında xeyli dəyişikliklər olmuşdu. Qanunda da yeni dövrün tələblərinə uyğun əlavə dəyişikliklərə ehtiyac var idi.

Medianın İnkişafı Agentliyinin fəaliyyətini isə yüksək qiymətləndirirəm. Qısa müddətdir yaranmasına baxmayaraq sələfi ilə müqayisə edilməyəcək dərəcədə dinamik fəaliyyət göstərir. Jurnalistlərə həm peşəkarlıq, həm də maddi baxımdan dəstək göstərilir.

O cümlədən, bu il Mətbuat Şurasının tərkibi yeniləndi. MŞ-nin də fəaliyyəti dinamikləşib və indiki qaydalara uyğun fəaliyyət göstərə bilir. Lakin bir şeyi qeyd etməliyəm ki, jurnalistikada bir qədər peşəkarlıq baxımından axsaqlıq var. Belə ki, sosial şəbəkələrə uduzuruq. Doğrudur, sosial şəbəkələr hər zaman dəqiq yaymasa da, daha sürətli xəbər yayır. Media isə daha dəqiq və obyektiv xəbər yaydığı üçün bir qədər gecikir. Başqa bir problem isə mediada daha çox şou xarakterli yazıların tüğyan etməyə başlamasıdır. Bu, üzücü məqamdır. Ümumillikdə isə bu ili media cameəsi üçün qənaətbəxş hesab etmək olar. 2024-cü il ölkəmiz üçün düşərli olsun. Son üç il ərzində media da torpaqların işğaldan azad edilməsində böyük fədakarlıq göstərdi. Buna görə də mediaya eşq olsun!".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev: "2023-cü il müstəqil Azərbaycan tarixində xalqımızın müqəddəratında həlledici illərdən biri oldu. Xalq Prezident İlham Əliyevin ətrafında birləşməklə, sözün əsl mənasında, dövlət-xalq birliyini nümayiş etdirdilər. Bu il ölkəmizin böyük diplomatik, siyasi uğurlar ilidir. Məhz bu il Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu, ölkənin suverenliyi özünün real məzmununa qayıtdı. Belə ki, 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini bütün ərazilərində bərpa etdi. Azərbaycan bayrağı Xankəndidə dalğalandı, “Dağlıq Qarabağ” mövhumu birdəfəlik ləğv olundu. Noyabrın 8-də Xankəndidə hərbi paradın keçirilməsi ilə Azərbaycan suverenliyini dünyaya elan etdi. Daha sonra Xankəndi stadionunda ilk futbol oyununun keçirilməsi isə birdəfəlik revanşist qüvvələrin arzularını puç etdi. Bu mənada 2023-cü il Azərbaycan üçün ən əlamətdar illərdən biridir.

2023-cü ilin aprelində Laçın yolunun tam nəzarətə götürülməsi ilə Xankəndidəki separatizm yuvası tam şəkildə xaricdən təcrid olundu.

Bu il həm də mühüm hadisələrdən biri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə yadda qaldı. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Bu sərəncam çərçivəsində il ərzində ölkə ərazisində bir sıra tədbirlər təşkil olundu. Ümummilli Lider Heydər Əliyevin KİV-lərin fəaliyyətinə necə qayğı ilə yanaşması haqqında dəyirmi masalar, müzakirələr keçirildi.

Bundan başqa noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlətimiz bu sammitə yüksək səviyyədə ev sahibliyi etdi. Türk Dövlətləri arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına dair böyük töhfələr verildi.

Dekabr tarixində isə ilk dəfə Azərbaycan və Ermənistan dövlətləri birgə bəyanat verdilər. Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Onlar əsirlərin dəyişdirilməsinə razılaşdılar. Ələlxüsus bu, iki ölkə arasında sülh müqaviləsinə gedən yolda çox mühüm xarakteristik hadisə kimi yadda qaldı.

Bu il həm də media üçün çox əlverişli il olub. 30 il həsrətdən sonra ilk dəfə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. Bu bizim üçün çox qürurverici bir hadisə idi. Həmçinin, Azərbaycan mediası informasiya savaşında da öz sözünü dedi, xarici KİV-lərdə, sosial şəbəkə təbliğatlarında ön sıralarda oldu. Biz illərlə erməni xülyalarının formalaşdığı stereotipləri dağıdaraq, Azərbaycanı layiqincə təbliğ edə bildik”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Media haqqında" qanuna uyğun olaraq media orqanlarının və jurnalistlərin reyestrinin aparılması və bu işin başa çatdırılması ilin ən böyük media hadisələrindən biri kimi xarakterizə oluna bilər. Media strukturlarının, xüsusilə də onlayn və çap media orqanlarının dövlət qeydiyyatına alınması əlamətdar bir hadisədir. Çünki dövlətin nəzarətində müəyyən peşəkarlıq kriteriyaları və göstəriciləri əsasında kimlərin media orqanı sayıldığını aydınlaşdırmaq mümkündür. Jurnalistlərin də media reyestrində qeydiyyatdan keçməsi jurnalist hüquqları və onun müdafiəsi çərçivəsinin xeyli dərəcədə konkretləşməsi deməkdir. Bu da mövcud sahədə dövlət siyasətinin əsaslarını müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

"Media haqqında" yeni qanunun təsdiqlənməsi və ilin əvvəlindən fəaliyyətə başlaması da önəmli hadisələrdən biridir. Çünki onlayn və çap medianın dövlət himayəsi altında inkişaf etdirilməsi institutunun yeni bir mərhələyə keçməsi deməkdir. Dövlətin mediaya dəstəyi Azərbaycan praktikasında artıq çoxdan formalaşmış bir modeldir. Medianın bəzi vergilərdən azad edilməsi də bu il ərzində nəzərəçarpan hadisə kimi yadda qalacaq".

Redaktor.az saytının baş redaktoru Aqil Aslan: “Yola saldığımız 2023-cü ildə onlayn mediada müsbət tendensiyalar müşahidə etdim. Bunlardan biri istinadlarla bağlıdır. Bilirsiniz ki, tez-tez jurnalistlər onlara məxsus özəl xəbərlərin istinadsız və hətta öz imzasını qoyaraq verilməsindən şikayətlənirdilər. "Media haqqında" yeni qanunun qüvvəyə minməsindən sonra Medianın İnkişafı Agentliyinin bu məsələlərə nəzarət mexanizmi yaradılıb və istənilən informasiyanın ilk olaraq hansı saytda dərc olunduğunu çox asanlıqla müəyyənləşdirmək olur. Görünür, bu səbəbdən də onlayn mediada çalışanlar başqa bir saytın məlumatını oğurlamağa səy göstərmirlər və istinad etməyə məcbur olurlar. Nadir hallarda bəzi saytlarda yenə də bu problemi görürük. Məsələn, bizim saytın bir özəl xəbərini başqa bir tanınmış sayt istinad etmədən paylaşmışdı. Zəng edib bildirdik ki, bizim informasiyanı olduğu kimi vermisiz, amma istinad etməmisiniz. “Baxıb, düzəliş edərik” dedilər, amma sonra gördük ki, xəbərin tərtibatında, mətndə bir qədər dəyişiklik edib sanki özününküləşdirdilər və beləcə yenə də istinad etmədilər. Yəni təəssüf ki, belə hallar da baş verir.

Bütün bunlara baxmayaraq, qarşıdakı ildə onlayn mediada bəhs etdiyim bu problemin tamamilə aradan qaldırılacağına inamım var. 2024-cü ildə qeyri-ciddi mətbuatın, yəni hamımızın “reket” və ya “dilənçi” mətbuat kimi tanıdığımız saytların da sıradan çıxacağını gözləyirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə