Azərbaycanda vətəndaşlar dini inanclarına, etiqadlarına, məzhəblərinə görə bir-birindən fərqləndirilmirlər – TƏHLİL

Bəşər tarixi yarandığı gündən insanlar fərqli inanclara sahib olublar. Bəzən müxtəlif dini inanclara malik insanlar bir coğrafiyanı bölüşməli, eyni ərazilərdə yaşamalı olublar və bu zaman fərqli dini inanclara malik insanların qarşılıqlı hörmətsizliyi və ya müxtəlif dini inanclara malik insanların bir-birinə dözümsüzlük nümayiş etdirməsi qarşıdurmalara, müharibələrə, hətta böyük fəlakətlərə də səbəb olub. Bunun nəticəsidir ki, bəzi ölkələrdə etnik və dini zəmində olan münaqişələr hələ də davam edir. Sevindirici haldır ki, ölkəmizdə belə bir zəmində münaqişə hələ bu vaxta qədər qeydə alınmayıb.

Səmavi dinlərin heç birində başqa bir dinə, yaxud başqa dini inanc sahibinə hörmətsizlik edilməsi tövsiyyə edilmir. Heç bir dində başqa dini mənsubiyyətli insanlara qarşı dözümsüzlük nümayiş etdirilməsi təlqin olunmur. Əksinə, fərqli dini inanclara sahib insanların bir-birinə dözümlülük nümayiş etdirmələri aşılanır və bununla bağlı çoxlu sayda tövsiyyələr də verilir. Xüsusən də bir ölkə daxilində müxtəlif etnosların, xalqların, müxtəlif dini inanclara sahib olan insanların bir-birinə hörmətlə yanaşması, bir-birinə dözümlülük nümayiş etdirməsi hər bir dində tövsiyyə olunur. Çünki səmavi dinlər insanların müxtəlif qruplar kimi parçalanmasına, ələlxüsus da insanlar arasında düşmənçilik və ədavətin yaranmasına razılıq verə bilməzlər. Heç bir dində ədavət, düşmənçilik tərənnüm edilə bilməz, əks halda həmin dinə inanan, etiqad edən olmazdı.

Bildiyimiz kimi, İslam dinində də başqa dini mənsubiyyətli insanlara qarşı hansısa bir aqressiyanın olması qəbul edilən deyil. Heç bir müsəlmana öz inancında icazə verilmir ki, hansısa xristiana və yaxud da yəhudiyə qarşı az da olsa kin bəsləsin. Əksinə, İslam dini razılığı, razılaşmaları, anlaşmaları, mehribanlı şəraitində birgəyaşayışı təbliğ edir. Düşmənini belə bağışlamaq dinimizdə tövsiyyə olunur və hətta qeyd olunur ki, kim rəhm edərsə, ona da rəhm olunar. Bununla bağlı müxtəlif fikirlər də artıq inanclı insanlar arasında formalaşıb və bəzən danışılan hədislərdə də insanların bir-birinə qarşı rəhimli, qayğıkeş olmalı olduğu, dözümlülük nümayiş etdirməli olduğu öz əksini tapır. Bir sözlə, heç bir müsəlmana haqq verilmir ki, başqa bini mənsubiyyətli insana qarşı dözümsüz olsun.

Onu da bilirik ki, Azərbaycan yerləşdiyi coğrafiyada müxtəlif dini inanclara sahib insanlarla birgə yaşamalı olub. Doğrudur, xalqımız müsəlman dini mənsubiyyətli xalq hesab olunur. Amma bizimlə yan-yanaşı yaşayan müxtəlif, fərqli dini inanclı insanlar olub. Xalqımız həmin fərqli dini inanclı insanlarla bu vaxta qədər dinc yanaşı yaşayıb. Heç zaman bizim xalqımızın hansısa bir etnik qrupla, hansısa bir fərqli dini inanca sahib etnosla, xalqla anlaşılmazlığı və ya dözümsüzlüyü müşahidə edilməyib. Təsadüfi deyil ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olaraq tanınır. Ona görə belə tanınır ki, məhz ayrı-ayrı etiqad və inanclara malik etnosların min illər boyunca ölkəmizdə əmin-amanlıq şəraitində yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanması bütün dünya ictimaiyyətinə bəllidir. O da bəllidir ki, bu münasibət Azərbaycan xalqına xas olan humanizmdən, başqalarının inanclarına, dəyərlərinə hörmət prinsplərindən, həmçinin burada islam əxlaqının aşıladığı tərbiyədən qaynaqlanır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, dünyəvi dövlət olan Azərbaycan İslamın mənəvi dərkinə əsaslanaraq nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa belə çıxarmağa da nail olmuşdur.

Tarixə nəzər salsaq görərik ki, ölkəmizdə hərhansı bir dövrdə müxtəlif xalq və dinlərin dinc və yanaşı yaşamasına qətiyyən bir dənə də olsa maneçilik olmayıb. Əksinə, Azərbaycanın ilk növbədə coğrafi mövqeyi, həmçinin tarixi inkişafının xüsusiyyətləri, əhalisinin etnik tərkibi lap qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Təsadüfi deyl ki, Azərbaycan ərazilərində müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar nəinki yayıla bilib, biri-birinə qarşılıqlı təsir də göstərib, hətta onlar hörmətlə də qarşılanıblar. Odun müqəddəs sayılması ilə ona sitayiş edənlərin də inancına hörmətsizlik edilməyib, büdpərəstliyə meyl edənlərin də. Halbuki, islam dini bu kimi inancları qətiyyən qəbul etmir. Amma bununla belə, heç bir kəsə məcburi şəkildə islamı qəbul etdirmək də dinimizdə qəbul olunan deyil və məcburiyyət ümumiyyətlə islam dini üçün xarakterik deyil. Məhz buna görə də islam dini mənsubiyyətli insanlar başqa dinə inanan insanlara qətiyyən dözümsüzlük nümayiş etdirməyib, onların inancına da, əqidəsinə də hörmətlə yanaşıb.

Azəebaycanda vətəndaşlar dini inanclarına, etiqadlarına, məzhəblərinə görə bir-birindən fərqləndirilmir və hətta bu məsələlər indiki zamanda müvafiq qanunvericilik çərçivəsində belə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Etnik dini tolerantlığın bütün dünyada mütərəqqi demokratik dəyərlərdən biri kimi qəbul edildiyi bir zamanda bu tolerantlıq forması Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Azərbaycan Respublikası bu gün çoxmillətli və çox konfessiyalı dövlət kimi dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir və bu siyasətin məntiqi nəticəsi olaraq, hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə