Gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi prioritetdir - TƏHLİL

Gələcəyin təminatçısı gənclərdir və məhz milli mənlik şüuruna malik olan gənclərlə milli maraqlarımızın qorunacağına əmin ola bilərik. Məhz elə buna görə də sağlam gəncliyin yetişməsi, dövrün hərəkətverici qüvvəsi olan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, həmçinin də vətənpərvərlik hisslərinin tərbiyəsi hər zaman qarşıda duran ən böyük vəzifələrdən sayılıb və prioritet hesab olunur.

Hər zaman olduğu kimi, gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi hazırda da diqqət mərkəzindədir. Ona görə ki, bizim üçün ən ali dəyərlərin, milli maraqlarımızın qorunması prioritet məsələ olaraq hər zaman öz aktiallığını qoruyur və bunun da məsuliyyəti daha çox məhz gənc nəslin üzərinə düşür. Təsadüfi deyil ki, ölkəmizdə məhz gənc nəslin milli mənlik şüurunda yetişməsinə, vətənpərlik ruhunda tərbiyə almasına hər zaman olduğundan da daha çox önəm verilir. Bunun da səbəbləri hər birimizə bəllidir və öz milli maraqlarımızın müdafiə edilməsi üçün, ilk növbədə, vətənpərvərlik hisslərinin olması qaçılmazdır ki, bu məqsədlə də gənclərimizdə vətənpərlik hisslərinin aşılanması ön planda durur.

Yalnız vətənini sevən, yalnız vətəninə məhəbbət bəsləyən gənclik bütün ali dəyərlərin müdafiəçisi ola bilər, suverenliyin, ərazi bütövlüyünün, xalqımıza məxsus olan maddi və mənəvi sərvətlərin keşiyində dayanar, qoruyucusuna çevrilər. Biz bunun, bu həqiqətin 44 günlük müharibə dönəmində əyani şəkildə şahidi olduq və bir daha əmin olduq ki, müasir gəncliyimiz milli mənlik şüuruna malik olan sağlam təfəkkürlü gənclikdir və həmin gəncliklə gələcəyə ümid etməyə dəyər. Çünki həmin gənclik xalqımıza, bizə məxsus olan dəyərlər uğrunda canından, qanından keçməyə hazır olduğunu bir daha təsdiq etdi. Vətənin hər qarış torpağı uğrunda son damla qanına qədər vuruşan, şəhidlik zirvəsinə ucalan gənclərimiz vətənə məhəbbət hissinin necə olduğunu bütün dünyaya göstərdi. İstər şəhidlərimiz, istərsə də qazilərimiz göz qırpmadan döyüşə atılaraq, düşmən üzərinə gedərək xalqımıza məxsus olan, bizə məxsus olan torpaqlar uğrunda canlarını, qanlarını qurban verməkdən zərrə qədər çəkinmədiklərini əyani şəkildə sübut etdilər. Bütün dünya ictimaiyyətinin dilində Azərbaycan gəncliyinin nəinki şücaəti, ələlxüsus vətənpərlik duyğusu, milli mənlik şüuru demək olar ki, dastana çevrildi. Hətta düşmənlərimiz, 44 günlük döyüş zamanı müharibədə iştirak edən erməni əsgərləri belə Azərbaycan əsgəri barəsində danışarkən hansı qorxu və həyəcan keçirdiyini görürük və bütün bunlar gənclərimizin vətən naminə nələrə qadir olduğunu, nə dərəcədə vətənə bağlılığını, milli mənlik şüuruna nə dərəcədə sahib olduqlarını göstərən, təsdiq edən məqamlardandır.

Doğrudur, müasir gəncliyimizin vətənpərvər olduğuna artıq zərrə qədər də şübhə yoxdur və nə dərəcədə milli mənlik şüuruna sahib olduqları da bəllidir. Belə gəncliklə hər zaman qürur duyulmalıdır və biz öz gəncliyimizlə qürur duyuruq. Məsələ burasındadır ki, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, qonşularından biri, daha dəqiq desək, Ermənistan tərəfi xalqımıza məxsus olan nə varsa, hamısını özününküləşdirmək üçün hər zaman bir növ puskuda dayanıb. İmkan düşən kimi tarixi saxtalaşdırmaq, mədəniyyət abidələrini sıradan çıxararaq yox etmək, bizə məxsus olan izləri belə silmək üçün daim fürsət güdür. Bu da bizim qonşularımızın xislətidir və bunu təkcə biz yox, bütün dünya çox yaxşı bilir. Deməli, hələ bundan sonra üzərimizə daha böyük məsuliyyət düşür. Geri qaytardığımız ərazilərimizi, xalqımıza məxsus olanı bundan sonra da qoruyub saxlamaq üçün bundan sonra da gəncliyimizin vətənpərvərlik hissi, milli mənlik şüuru yüksək səviyyədə olmalıdır. Biz milli mənlik şüuruna və vətənpərvərlik hissinə sahib gəncliyimizi bundan sonra daha ciddi şəkildə yetişdirməli və buna daha böyük marağımız olmalıdır. Yəni, gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi prioritetdir və hər zaman olduğundan daha böyük diqqət mərkəzindədir.

Hərb meydanında qələbə qazandıq və müharibəni də məhz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, siyasi iradəsi ilə, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun, əsgərlərimizin, gənclərimizin şücaəti, rəşadəti ilə mükəmməl qələbə qazanaraq başa vurduq. Amma etiraf etmək lazımdır ki, döyüş meydanında müharibənin bitməsinə baxmayaraq, informasiya cəbhəsində müharibə qətiyyən bitməyib. Qarşı tərəf, Qafqaza cəmi iki yüz il bundan qabaq köçürülən haylar hələ də müxtəlif yalan məlumatlar yayaraq bizə məxsus olana sahib çıxmaq niyyətindədirlər ki, özlərini hansısa qondarma və saxta yollarla, yalanlarla, doğru olmayan, saxtalaşdırılmış informasiyalarla sübut edə bilsinlər. Hələ də tarixi saxtalaşdıraraq bu ərazilərin sahibləri kimi özlərini göstərməyə, dünya ictimaiyyətini buna inandırmağa, daha doğrusu, aldatmağa çalışırlar. Bu baxımdan da, təkcə hərb meydanında deyil, indi istənilən müstəvidə düşmənə cavab verə biləcək gənclərin, vətənpərvər gənclərin yetişməsi tələb olunur. Azərbaycan gəncliyi elə bir şəkildə maariflənməlidir, elə bir şəkildə yetişməlidir ki, xalqımıza məxsus olan bircə dənə də dəyərə haylar sahib çıxmağa cəsarət belə edə bilməsinlər. Bu gün xalqımıza məxsus olan mədəniyyətə, xalqımızın mətbəxinə belə sahib olmaq üçün göz dikən haylar üçün yalanın, uydurmanın qətiyyən sərhəddi yoxdur. Uydurmaq, mifləşdirmək haylar üçün ənənə hesab olunur və bu onların xisləti kimi qəbul edilir. Bir çox sənət nümunələrimizə, ədəbiyyatımıza, musiqimizə, nəticədə də tariximizə, bizə məxsus olan hər şeyə sahib çıxmaq, xalqımızın maddi və mədəni sərvətlərini özlərininki kimi göstərmək, dünyaya təqdim etmək niyyətləri bizə bəllidir. Amma buna qətiyyən imkan vermək olmaz və bunun üçün də əvvəla gəncliyimiz vətənpərvər olmalıdır, bununla yanaşı da tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, ümumiyyətlə bizə məxsus olan hər nə varsa onları əzbər öyrənməli, bilməli, hətta təbliğ etməlidir ki, haylar öz uydurmaları ilə nəyə isə nail ola bilməsinlər, arzuları ürəklərində qalsın, çirkin niyyətlərini gerçəkləşdirə bilməsinlər və biz də özümüzə məxsus olanı qoruya bilək. Deməli, bütün bunlar onu göstərir ki, gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi hər zaman olduğu kimi prioritetdir.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə