Dövlətçilik tariximizin, adət-ənənələrimizin qorunması vacibdir

Çox qədim tarixi köklərə, zəngin irsə, milli adət-ənənələrə, elm və mədəniyyətə sahib olan Azərbaycan xalqının eləcə də böyük dövlətçilik tarixinə malik olduğunu bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Xalqımızın məhz dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqlarından biri olduğu qəbul edilir. Ona görə ki, Azərbaycan xalqının təqribən 5 min illik dövlətçilik tarixi var və bunu sübut edən tarixi faktlar, salnamələr və bir sıra müxtəlif dəlillər hələ də qalmaqdadır. Bu qədər dərin dövlətçilik tarixinə, dövlətçilik ənənələrinə malik olan bir xalq möhkəm təməllər üzərində olan öz mədəniyyətinə, adət-ənənələrinə hər zaman sahib çıxıb və sevindirici haldır ki, mənəvi dəyərlərini bu günə qədər də qoruyub saxlaya bilib.

Bir çox abidələr, eləcə də kitabələr və salnamələr xalqımızın çox qədim dövlətçilik tarixinə malik olduğunu sübut edir və həmin dəlillərdən də bəlli olur ki, Azərbaycan xalqı hələ eramızdan əvvəlki minilliklərdə belə dövlətçilik ənənələrinə sahib olub. Sevindirici haldır ki, bunu sübut edən abidələr günümüzə qədər də gəlib çatıb. Ələlxüsus, Azərbaycan ərazisində mağaraların sayının olduqca çox olması daha qədim zamanlara aid yaşayış məskənlərinin mövcudluğu deməkdir. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilanda, Kəlbəcərdə, Gədəbəydə, Göygöldə, Şamaxıda belə mağaralara çox rast gəlinir. Amma Fizuli rayonu ərazisindində aşkar edilən Azıx mağarası artıq dünyaca məşhur bir mağaradır.

Ölkəmizin ərazisində yerləşən və aşkara çıxarılan mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Məsələn, onlar mağaranın ortasında qaladıqları ocağın tüstüsünü xaric etmək üçün tavandan deşik, yəni baca açmışlar. Eyni zamanda müəyyən lazımi ləvazimatların, alətlərin saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqlar açmışlar və həmin alətləri orada yerləşdirmişlər. Diqqətə çatdıraq ki, ibtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranmasına gətirib çıxarmışdı. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilirdi ki, bunlar da ibtidai insanları məskunlaşması, yaşaması üçün idi. Süni mağaralara da Böyük Qafqaz dağlarının ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərgüşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərdə də təsadüf edilir. Deməli, eramızdan əvvəl birinci minilliyə təsadüf edən Manna dövlətinin ərazisindəki bu mağaralar sübut edir ki, bir necə minilliklər əvvəl həqiqətən də xalqımızın dövlətçilik ənələri olub.

Artıq eramızdan əvvəl üçüncü minillikdə Azərbaycanın cənubunda ilk tayfa birlikləri və erkən dövlət qurumlarının meydana gəldiyinə tarixə ekskursiya etdiyimiz zaman tam əmin ola bilərik. Urmiya gölünün qərbində və cənub-qərbində kuti, cənubunda lullubi, turukki tayfaları eramızdan əvvəl üçüncü və ikinci minilliklərdə məskunlaşdığını təsdiq edən faktlara və qədim Azərbaycan tayfaları haqqında ilk yazılı məlumatlara şumer dastanlarında və mixi yazılarında da rast gəlinir. Bəlli olur ki, eramızdan əvvəl üçüncü minilliyin ikinci yarısında Azərbaycanın cənubunda Lullubi tayfa ittifaqı yaranmışdı ki, bu da düz beş min il bundan əvvələ təsadüf edir. Belə tarixi faklar və dövrümüzə qədər gəlib çıxan kitabələr yetərincədir. Məsələ burasındadır ki, həmin faktların, kitabələrin daha dərindən araşdırılması, eləcə də təbliğ edilməsi olduqca vacibdir. Ələlxüsus, bizə məxsus olan maddi, mədəni nə varsa hamısını özününküləşdirmək, oğurlamaq istəyən, bu məqsədlə də xalqımızın tarixi kökləri, dövlətçilik ənənələri barədə yalan məlumatlar yaymağa çalışan ermənilərin mənfur fəaliyyətlərinin, saxtakarlıqlarının genişləndiyi bir zamanda bu məsələ öz aktuallığını qoruyur və daha vacib hesab olunur.

Eramızın birinci minilliyinin əvvəllərindən, Oğuz tayfaları üçün xarakterik olan xanlıq idarə üsulunun olmasını təsdiq edən “Kitabi Dədə-Qorqud” dastanı barədə məlumatlar sözsüz ki, bütün dünya xalqlarına bəllidir. Hələ o dövrdə bir çox xalqlar dövlətçiliyin nə demək olduğu haqda təsəvvürə belə malik olmadığı halda, Oğuzların xan sarayı, məhkəmə divanı, ordusu var idi. Təkcə Oğuz elinin deyil, bir-birinin ardınca yaranan digər dövlətlərin də yadellilərin hücumundan qorunmaq üçün istehkam qalalarının olmasını təsdiq edən dəlillər indiyə qədər qalır. Məsələn, İsmayıllı rayonunun Talıstan kəndi ərazisində, yüksək dağ yamacında Girdman dövlətinin hökmdarı olan Cavanşirin tikdirdiyi istehkam qalasının qalıqları hələ də qalmaqdadır. Diqqətə çatdıraq ki, həmin qalanın məhz ermızın yeddinci əsrində tikildiyi artıq öz təsdiqini tapıb. Çünki Varaz Qriqorun oğlu Cavanşirin Girdman dövlətinin hökmdarı olduğu dövr məhz eramızın yeddinci əsrinə təsadüf edir. Qala divarlarında olan bürclər, müşahidə məntəqələri, izləmə yerləri, oxçulara aid olan xüsusi yerlərin olması və qalanın əlçatmaz yüksəklikdə, hər tərəfdən qayalarla əhatə olunan bir zirvədə inşa edilməsi təsdiq edir ki, həmin qala Girdman hökmdarı tərəfindən məhz müdafiə istehkamı olaraq tikdirilmişdir. Deməli, hələ eramızın yeddinci əsrində Azərbaycan ərazisində formalaşan və xalqımıza məxsus olan dövlətlər özlərinin müdafiəsini də mühafizəsini də təşkil edə bilirdilər və öz dövlətmiliklərini qorumaq iqtidarında idilər.

Orta əsrlərdə Azərbaycan ərazilərində bir çox dövlətlərin, hökmdarların olmasını təsdiq edən faktlar da kifayət qədərdir. Vahid, birləşmiş Azərbaycan dövlətini yaratmaq üçün mücadilə edən Şah İsmayıl Xətai, öz hökmdarlığı ilə yadda qalan Nadir Şah, islahatları ilə tarixə yazılan Şah Abbas və digərləri təkcə tarixi kitabələrdə, tarixi yazılarda deyil, eyni zamanda, xalqımızın yaddaşında da yaşayırlar. Həmin hökmdarlar Azərbaycanda dövlətçiliyin vacibliyini dərk etmiş və qorumaq üçün əllərindən gələni də əsirgəməmişlər. Çünki dövlətin nə qədər vacib olduğu artıq xalqımız üçün çoxdan bəlli idi.

Ötən əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətinin yaradılması artıq xalqımızın dövlətçilik ənənələrinin, dövlətçilik təcrübələrinin təzahürü idi. Həmin dövlət yaradıldığı zaman onun konstitusiyası, idarəçiliyi, inzibatı binaları, büdcəsi, daxili və xarici siyasəti və bir sıra məqamları nəzərə alınmışdı. Azərbaycan Cümhuriyyətinin rəhbəri, Məmməd Əmin Rəsulzadə barəsində yəqin ki, bilməyən yoxdur. Həmin dövrdə özünün kövrək addımlarını atan Azərbaycan Cümhuriyyətini qəbul etmək istəməyənlər ölkəmizə qarşı məkrli planlar həyata keçirməyə başladılar və müxtəlif hücumlar edən SSRİ sonda cümhuriyyəti dağıda və hakimiyyəti də zor gücü ilə ələ ala bildi. Düz 70 il Sovet imperiyasının təsiri altında qalan, repressiyalara görə öz dövlətçiliyini yenidən bərpa edə bilməyən xalqımız, nəhayət ki, ötən əsrin sonlarında, ötən əsrin 90-cı illərində öz müstəqilliyini, öz süverenliyini, öz dövlətçiliyini bərpa etdi. Bu, bizim indi göz bəbəyimiz kimi qorumalı olduğumuz dövlətimizdir.

Bəli, qeyd etdiyimiz kimi, tarix boyu heç bir dövlətçilik ənənəsi olmayan, buna görə də xüsusi kömpleksə malik olan köçəri hay tayfaları bizim dövlətçilik tariximizin olmasından qısqanclıq hissi keçririblər. İllər boyu Azərbaycan xalqına məxsus dövlətçilik tarixini də, adət-ənənələrini də tarixdən silməyə, ən azından saxtalaşdırmağa çalışıblar. Azərbaycan xalqına məxsus mədəniyyət abidələrini, dövlətçilik ənənələrimi sübut edən tikililəri dağıdan, yerində də özlərinə aid olan tikili quraşdıran haylar bizə məxsus olan hər nəyə desən, sahib olmağa, özününküləşdirməyə can atıblar. Xalqımıza məxsus olan Alban Kilsələrini, Müsəlman Məscidlərini söküb yerlə-yeksan etməklə bizi öz tariximizdən məhrum etməyə fokuslanan hayların məqsədi sonda bütün bu ərazilərə də, dövlətçilik tariximizə də, adət-ənənələrimizə də özləri çahib çıxamağa çalışıblar. Çalışıblar ki, əraziləri öz əraziləri kimi bütün dünyaya tanıtdırsınlar və həmin bu ərazilərdə özlərinin mifləşdirdikləri, məsələn, Tiqran adında guya hansısa qondarma hökmdarın olduğunu, dövlət yaratdığını iyrənc yollarla sübut etsinlər.

Dəfələrlə qeyd etmişik ki, bizim cəbhə xəttində müharibəmiz sona yetsə də, haylarla informasiya müharibəsi hələ bitməyib. Belə məkrli, adət-ənənə oğrusu kimi tanınan qonşusu olan xalqımız üçün informasiya müharibəsinin ümumiyyətlə nə zaman bitəcəyini də söyləmək olmaz. Əksinə, biz elə məhz döyüş meydanında qələbə qazandığımız kimi, informasiya müharibəsində də qələbə qazanmalıyıq və öz dövlətçilik tariximizə də, adət-ənənələrimizə də sahib çıxmalıyıq. Tariximizi yaxşı bilməli, daha dərindən öyrənməli və təbliğ etməliyik ki, mənfur düşmən özünün qondarma mifləri ilə həmin tarixə ləkə sala bilməsin. Öz dövlətçilik tariximizi elə bir şəkildə, hətta əzbər öyrənməliyik ki, haylar üçün ağız büzmək şansı belə olmasın. Bir sözlə, bizim öz dövlətçilik tariximizə də, ənənələrimizə də sahib çıxmağımız, onları qorumağımız həmişəkindən daha vacibdir...

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə