İkinci əl telefon alarkən nələrə diqqət edək? - AÇIQLANDI

“İkinci əl mobil telefon alarkən bir neçə əsas məqama xüsusi diqqət yetirilməlidir. İlk növbədə, telefonun təhlükəsizliyi və hüquqi cəhətdən problemsiz olması ön planda dayanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Sahəsi üzrə Ekspert Fərrux Rəcəbli deyib.

Fərrux Rəcəbli sözlərinə belə davam edib: “Mütləq şəkildə telefonun Azərbaycan Respublikasının mobil cihazların qeydiyyat sistemində (IMEI qeydiyyatında) qeydə alınıb-alınmadığı yoxlanılmalıdır. Hal-hazırda ölkə bazarında çoxsaylı qara bazar iştirakçıları fəaliyyət göstərir. Onlar xarici ölkələrdən – xüsusilə də bit bazarı adlandırılan ucuz elektronika bazarlarından – aşağı qiymətə telefonlar gətirərək ya fiziki mağazalara, ya da onlayn satış platformaları vasitəsilə satışa çıxarırlar. Bu tip telefonlar qeyri-qanuni yolla ölkəyə gətirilə və qeydiyyatsız ola bilər. Belə telefonlar bir müddət istifadə edildikdən sonra şəbəkədən ayrılır və istifadəsi mümkünsüz olur.

Mağazadan alınan cihazlar, bir qayda olaraq, bu məsələlərdə daha təhlükəsizdir. Lakin yenə də alıcı şəxs özü şəxsi yoxlama aparmalıdır. Xüsusilə onlayn və ya fərdi satış zamanı alınan telefonlar qeydiyyatsız və ya oğurluq ola bilər. Belə hallarda hüquq-mühafizə orqanları IMEI kodu vasitəsilə istifadəçini müəyyənləşdirə bilər və alıcı məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən ikinci əl telefon almaq istəyən şəxslər mütləq rəsmi mağazalara üstünlük verməlidirlər.

İkinci mühüm məsələ telefonun texniki vəziyyətidir. Telefonu almamışdan əvvəl bu suallara cavab tapmaq lazımdır:
• Telefonun korpusunda müdaxilə izləri varmı?
(Müdaxilə izləri varsa, bu, cihazın daha əvvəl təmir olunduğunu göstərə bilər.)
• Ekran dəyişdirilibmi, orijinaldırmı?
• Sim kart şəbəkəsi, Wi-Fi bağlantısı, səs sistemi, kamera və batareya vəziyyəti necədir?

Bu xüsusiyyətləri telefonun ayarlar bölməsindəki sistem statusundan və ya xüsusi proqram təminatları vasitəsilə yoxlamaq mümkündür. Android və iOS (Apple) sistemli telefonlar üçün xüsusi servis kodları var – həmin kodlar vasitəsilə cihazın texniki vəziyyəti ətraflı şəkildə yoxlanıla bilər. Kodlar və tətbiqlər barədə məlumatı internet üzərindən (məsələn, Google axtarış sistemi vasitəsilə) telefonun modeli üzrə tapmaq mümkündür.

Daha bir vacib məqam – zəmanət məsələsidir. Çalışın, telefonu elə bir yerdən alasınız ki, ən azı 3 aylıq zəmanət verilsin. Təəssüf ki, bəzi satıcılar bilir ki, cihaz yalnız 1-2 gün problemsiz işləyəcək və daha sonra texniki nasazlıq baş verəcək. Belə hallarda zəmanətsiz və ya cəmi bir neçə günlük zəmanət verilmiş telefon alıcı üçün ciddi maddi ziyana səbəb ola bilər. Mağazaların bəziləri zəmanət müddətinin bitdiyini əsas gətirərək məsuliyyətdən yayınırlar.

İkinci əl telefon alarkən təhlükəsizlik, texniki vəziyyət və zəmanət kimi amillər əsas meyar kimi nəzərə alınmalıdır. Qeydiyyatsız, təmirdən çıxmış və zəmanətsiz telefonlar potensial risk daşıyır. Alıcı bu nüansları diqqətlə araşdırmalı və seçimində ehtiyatlı davranmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə