“Müharibə yalnız regionu deyil, bütövlükdə…” - ŞƏRH EDİLDİ

“Dünyada baş verən müharibələr və qlobal iqtisadi tənəzzüllər yalnız regional sabitliyə deyil, həm də ayrı-ayrı ölkələrin daxili siyasi proseslərinə ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yaranan gərginliklər, xüsusilə də böyük güclər arasında baş verən qarşıdurmalar, ölkələrin siyasi qərar qəbuletmə mexanizmlərini zəiflədir, sosial-iqtisadi sahələrdə əlavə problemlərə yol açır:

”Bu tendensiyanın ən bariz nümunələrindən biri Rusiya-Ukrayna müharibəsidir. Müharibə Avropanın geosiyasi xəritəsini yenidən formalaşdırmaqla yanaşı, geoiqtisadi dinamikanı da ciddi şəkildə sarsıdır. Nəticədə Avropa ölkələri enerji təhlükəsizliyi, ticarət əlaqələri, müdafiə strategiyaları və miqrasiya kimi sahələrdə yeni reallıqlarla üz-üzə qalıblar və bu təsirlərdən tam şəkildə toparlana bilmirlər.

Məlum olduğu kimi, İkinci Dünya Müharibəsindən sonra Qərb yarımkürəsində müəyyən dərəcədə siyasi sabitlik təmin edilmiş, beynəlxalq əməkdaşlıq institutları gücləndirilmiş və uzunmüddətli sülh mühiti formalaşdırılmışdı. Lakin Rusiya-Ukrayna müharibəsinin başlanması bu nisbətən sabit geosiyasi balansı pozdu, yeni təhlükəsizlik problemləri və tektonik siyasi dəyişikliklər yaratdı. Bu faktlar bir daha göstərir ki, müharibələr dünya ölkələrinin həm siyasi, həm də iqtisadi həyatına birbaşa və mənfi təsir göstərir. Enerji bazarlarında qeyri-sabitlik, ərzaq təhlükəsizliyi ilə bağlı risklər, beynəlxalq ticarət axınlarında yaranan pozuntular və müdafiə xərclərinin artması müasir münaqişələrin əsas nəticələri sırasındadır. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi də bu qlobal proseslərin tərkib hissəsidir və onun törətdiyi təsirlərin uzun müddət davam edəcəyi ehtimal olunur. Bu müharibə yalnız regionu deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemini dəyişdirir və gələcəkdə yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb ola bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə