İş həyatında qadın olmaq: hansı çətinliklər hələ də qalır? - SORĞU

Azərbaycanın iş dünyasında qadınların rolu və karyera imkanlarının getdikcə artmasına baxmayaraq, hələ də bir sıra çətinliklər və maneələr mövcuddur. İş həyatında qadınların qarşılaşdığı çətinliklər yalnız fərdi səviyyədə deyil, həm də sosial və mədəni stereotiplərlə bağlıdır. Qadınların rəhbərliyə yüksəlməsi, maaş bərabərliyi, iş və ailə balansı, stereotiplərlə mübarizə kimi məsələlər uzun illərdir ki, müzakirə mövzusu olub.

Müasir dövrdə qadınların iş yerində yaşadığı təcrübələr nəsillər və sahələr arasında fərqlilik göstərə bilər. Bəziləri üçün bu, motivasiya və inkişaf üçün yeni imkanlardır, bəziləri üçünsə qarşılıqlı anlaşma və dəstək çatışmazlığı ciddi maneələr yaradır. Maraqlıdır ki, insanlar bu mövzuda hansı təcrübələrə malikdir və hansı dəyişiklikləri vacib hesab edirlər?

SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini İnci Süleymanzadə: "Dövrümüz artıq müasirləşib və gender bərabərliyi ilə bağlı problemlər əvvəlki qədər ciddi deyil. Misal üçün, anam və xalam hər ikisi işləyir və qadın olaraq iş həyatında müəyyən çətinliklərlə qarşılaşırlar, amma bu, çox kobud şəkildə deyil. Hələ də bəzi insanlar düşünür ki, qadınların işi yalnız ev və ailə ilə məhdudlaşmalıdır. Mən bu fikirlə razı deyiləm. Ailəm mənimlə eyni fikirdədir — qadınlar həm ev işlərini, həm ailə həyatını, həm də iş həyatını balanslı şəkildə idarə edə bilirlər".

Şəhər sakini Gülarə Məmmədova: "Şəxsən iş həyatında gender problemi ilə qarşılaşmamışam. Amma hesab edirəm ki, qadınların işi çoxdur və bəzən ailədə problem yaranır, çünki kişilər qadının işini özlərinə sığışdırmırlar. Mənim fikrimcə, qadın və kişinin ailədə fərqli vəzifələri olmalıdır: kişi işləyib pul qazanar, qadın isə ev işlərini və uşaqlarını idarə edər. Amma müasir dövrdə qadınların həm iş, həm də ailə həyatını balanslı şəkildə idarə etməsi mümkündür və bu, düzgün yanaşmadır".

Şəhər sakini Elman Rüstəmov: "Mən kişi kimi düşünürəm ki, qadınların iş həyatında uğur qazanması onların şəxsi bacarıqlarından asılıdır. Amma eyni zamanda cəmiyyətdə bəzi stereotiplər hələ də mövcuddur. Mən qadınların həm işləməsini, həm də ailəyə diqqət yetirməsini normal hesab edirəm. Əsas odur ki, hər iki tərəf bir-birinə dəstək olsun və məsuliyyətləri paylaşsın".

Şəhər sakini Qənirə Budaqova: "Qadınlar çox güclü varlıqlardır. İstəsələr, hər şeyin öhdəsindən gələ bilərlər. Mən kişi və qadının bərabər hüquqlara malik olmasını dəstəkləyirəm və hesab edirəm ki, hər hansı gender problemi varsa, bunun səbəbi cəmiyyətin stereotiplərindən qaynaqlanır. Qadın işləsə də, işləməsə də, ailəsinə və övladlarına qayğı göstərməlidir, amma iş həyatında qadına qarşı maneələr aradan qaldırılmalıdır".

Şəhər sakini Elmira Tağıyeva: "Fikrimcə, qadınlar iş həyatında kişilər qədər bacarıqlıdır və bəzən daha çox çalışırlar. Lakin çox vaxt qadınlar stereotiplərlə üzləşir — ‘ev qadını olmalıdır’, ‘işi ikinci dərəcəli olmalıdır’ kimi. Məncə, qadınların işdə uğur qazanması üçün həm iş yeri, həm də cəmiyyət dəstəkləyici olmalıdır. Eyni zamanda, qadınlar ailə həyatını da balanslı şəkildə idarə edə bilirlər, amma bu dəstək olmadan çətin olur".

Şəhər sakini Mənzurə Əliyeva: "İş həyatında qadınlara qarşı ayrı-seçkilik hələ də var, amma bu, daha çox gizli formada olur. Maaş bərabərsizliyi, rəhbər vəzifələrdə kişilərin üstünlük təşkil etməsi kimi hallar hələ də mövcuddur. Mən düşünürəm ki, qadınların həm iş, həm də ailə həyatını balanslı şəkildə idarə edə bilməsi üçün şəffaf siyasət və dəstək sistemləri olmalıdır. Ailə və iş arasında tarazlıq yaratmaq üçün qadına anlayış və imkan verilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə