Dərman əvvəl insanı sağaldırdı, indi isə sadəcə gözlədir

Bir vaxtlar dərmanlar vardı…

Bir dənə həb içirdin, sabaha özünə gəlirdin. Sanki hər kapsulda bir az şəfqət, bir az da vicdan qarışığı vardı. O dərmanlar adamı sağaldırdı, həm bədəni, həm də içini.

İndi isə… eyni dərmanı içirsən, nəticə yox. Dərmanın dadı var, təsiri yox. Bir az baş ağrın olur, bir həb içirsən, sanki sadəcə ümid udursan. Dərmanın içi boşalıb, amma qabı əvvəlki kimidir.
Bəlkə də biz dəyişmişik?
Yox… dəyişən biz yox, dəyişən niyyətdir. O vaxt dərmanı hazırlayan adam həm pul qazanmaq, həm də insan sağaltmaq istəyirdi. İndi isə elə bil tək məqsəd puldur. Hər şeydə “minimum maya ilə maksimum gəlir” düşüncəsi… dərman şüşələrinin içində belə.
Farmasevtika fabrikləri böyüyüb, amma təsirlər kiçilib.
Reklamlar artıb, amma inam azalıb.
Apteklər çoxalıb, amma şəfa tapmaq çətinləşib.
Bəzən sanki dərman sənə kömək etmək üçün yox, səni havada saxlamaq üçün hazırlanır ,nə yaxşı olursan, nə də tam sağalmırsan. Elə bir vəziyyət ki, xəstəlik də yorulub gedir, amma dərman öz işini yenə də yarımçıq görür.
İnsanlar bir söz deyir:
“Dərman əvvəl insanı sağaldırdı, indi isə sadəcə gözlədir.”
Və ən acı hissəsi nədir bilirsən?
Adam xəstələnəndə dərmana yox, taleyinə dua edir. Çünki ümid artıq kimyəvi maddələrdə yox, Allahın mərhəmətindədir.
Amma yenə də… gecənin bir vaxtı bir ağrı gələndə, aptek işıqları uzaqdan parıldayanda, insan içində bir balaca ümid tapır:
Adamın xəstəliyinə baxan həkim də əvvəllər adamı dinləyirdi. O hiss var idi: “Səni başa düşürəm, narahat olma”. İndi həkim də yorulub, bazar da yorulub… hər şey sürətə yönəlib. Nəfəs alırsan, o da pulun ritmində olur.

Əvvəllər analar uşağa dərman verəndə arxayın olurdular:
“İç bunu, keçəcək.”
İndi isə ana uşağa həb verəndə içi titrəyir:
“Görəsən bu doğrudan da kömək edəcək, yoxsa sadəcə adıdır?”
Çünki hər şey adiləşib…
Dərman da, dərdi dinləyən insan da, həyat da.
İndi aptek rəfləri doludur, amma içimiz boş.
Dərman çoxdur ,amma təsir az.
İnsan ağır xəstələnəndə artıq dərman adı axtarmır , həkimin vicdanlısını axtarır.
Ən pisi isə nədir?
Əvvəllər dərmanlar xəstəliyi sağaltmaq üçün hazırlanırdı, indi isə xəstəliklər dərman satmaq üçün yaradılırmış kimi hiss olunur. Sanki sistem səni sağaltmaq istəmir… sadəcə ayaqda saxlayıb dövr etdirir ki, “yenə al, yenə iç, yenə gəl.”
Bir də var o köhnə qutular…
Nənələrimizin sandığında qalan köhnə dərmanlar. Açanda elə bil başqa bir dövrün nəfəsi gəlir, o dövrdə insanlar daha az xəstələnirdi, dərmanlar daha çox təsir edirdi. Çünki o vaxt kimyəvi maddələr deyil, insanların vicdanı daha güclü idi.
İndi hər kəs qorxur…
Dərmandan da, xəstəlikdən də, gələcəkdən də.
Bəzən insan düşünür:
“Bəlkə də dərmanların içində problem deyil… bəlkə də dünyanın öz keyfiyyəti düşüb.”
Amma bir ümid var…
Hələ də haradasa hansısa laboratoriyada bir həkim var ki, işinə vicdanla yanaşır.
Hələ də aptekdə bir əczaçı var ki, “onsuz təsir eləmir” demir, problemi dinləyir.
Hələ də insanlar bir-birinə “Allah kömək olsun” deyir.

Və yəqin ki, bizi də ayaqda saxlayan elə budur dərmanların yox, insanların içində qalan son damcı mərhəmət. “Bəlkə bu dəfə təsir edər…”

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə