Kredit təşkilatları gecikmiş ödənişlər üzrə faizləri hansı müddət ərzində və hansı qayda ilə hesablayır? - QURUM RƏSMİSİ

“Kreditlərlə bağlı məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Məcəllə) ilə tənzimlənir və həmin Məcəllədə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanması üçün konkret müddət yalnız istehlak kreditinə münasibətdə müəyyən edilmişdir“. Bu sözləri SİA- ya açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib.

O bildirib ki, Məcəllənin 746-5.2-ci maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

İstehlak krediti olamayan kredit müqaviləsinə münasibətdə isə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanmasının konkret müddəti nəzərdə tutulmamışdır.

Qeyd edirik ki, Məcəllənin 740.4-cü maddəsinə görə borc müqaviləsi üzrə faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

Bununla yanaşı, Məcəllənin 745.5-ci maddəsində müəyyən edilmişdir ki, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə gecikdirilmə faizləri kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

Əgər ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər 745.5-ci maddəyə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər. Lakin kreditor tərəfindən gecikmə faizlərinin yerinə dəbbə pulu da tətbiq edilə bilər ki, bu halda kreditor mübahisə zamanı məhkəmə tərəfindən dəbbə pulunun azaldılması riskini də daşıyacaqdır“.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə