Tibbi Xidmət İdarəsində “Gömrük və səhiyyə işçilərinin etika və peşə davranışı standartları” mövzusunda təlim keçirilib
5 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində “Gömrük və səhiyyə işçilərinin etika və peşə davranışı standartları” mövzusunda təlim keçirilib. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin tətbiq və təşviqinin təmin edilməsi məqsədilə həyata keçirilən təlimdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi, şöbə rəisləri, həkimlər, rezidentlər, tibb bacıları və digər əməkdaşları iştirak ediblər.
Təlimdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım etik davranışın dövlət qulluğunda, eləcə də səhiyyə sektorunda strateji əhəmiyyət daşıdığını, tibbi xidmət sahəsində çalışan əməkdaşların peşəkar bilik və bacarıqları ilə yanaşı, etik prinsiplərə yüksək səviyyədə riayət etməsi göstərilən xidmətin keyfiyyətinə birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Rəis müavini Şahlar Mirqasım qeyd edib ki, pasiyentlərlə ünsiyyət zamanı hörmət, həssaslıq, şəffaflıq və konfidensiallıq prinsiplərinin qorunması müasir səhiyyə sisteminin əsas tələblərindəndir. Onun sözlərinə görə, hər bir tibb işçisi öz fəaliyyətində humanizm, ədalətlilik və məsuliyyət prinsiplərini rəhbər tutmalı, pasiyentlərin hüquq və mənafelərinə xüsusi həssaslıqla yanaşmalıdır.
Eyni zamanda bildirilib ki, pasiyent məmnunluğunun təmin olunması yalnız tibbi xidmətin texniki səviyyəsi ilə deyil, həm də əməkdaşların etik davranışı, düzgün kommunikasiya bacarıqları və xidmət mədəniyyəti ilə sıx bağlıdır. Bu baxımdan etik normalara riayət olunması vətəndaşların səhiyyə müəssisələrinə olan etimadının möhkəmləndirilməsində əsas amillərdən biridir.
Şahlar Mirqasım çıxışında əlavə edib ki, dövlət qurumlarında etik davranış standartlarının tətbiqi yalnız fərdi məsuliyyət məsələsi deyil, həm də institusional mədəniyyətin ayrılmaz hissəsidir. Bu səbəbdən belə təlimlərin keçirilməsi əməkdaşların etik biliklərinin artırılması, düzgün davranış modellərinin formalaşdırılması və ümumilikdə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Gömrük əməkdaşlarının etik davranış qaydaları” mövzusunda, Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Elmira Axundova “Etik davranış qaydalarına inzibati nəzarət” mövzusunda və Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə “Tibbi etika və deontologiya” mövzusunda çıxış ediblər.
İnteraktiv müzakirələrlə davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, real situasiyalar əsasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi Tibbi Xidmət İdarəsinin peşəkar kadr potensialının inkişafına, etik davranış standartlarının təkmilləşdirilməsinə və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB