Azərbaycanda loteriya ənənəsi: Nə dərəcədə təhlükəsizdir? - EKSPERT AÇIQLADI

Son zamanlarda kimsə xeyir iş edəndə və ya nəsə alanda əvvəlcədən lotereya oynayır. Pul yığmaq üçün. Əsasən dost tanış, qohumlar arasında oynanılır. Ümumiyyətlə bu artıq ənənə halına alıb. Sizcə nə dərəcədə təhlükəsizdir?

Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, bu, keçmiş SSRİ dövründən qalan bir ənənədir:

“Məhəllə adamları, rəfiqələr, dostlar, iş yoldaşları və ya sinif yoldaşları arasında lotoreyanın oynanılması geniş yayılıb.

Məqsəd budur ki, hər ay hər kəs ümumi bir xəzinəyə müəyyən məbləğdə — məsələn, 10 manat, 100 manat və ya başqa məbləğdə — pul qoyur və püşk atmaqla həmin toplanmış pul ayda bir dəfə, yaxud yarım ildən bir və ya iki aydan bir bir nəfərə verilir. Bu proses 12 ay ərzində davam edir. Burada faiz və mənfəət olmadığına görə bu, sələmçilik sayılmır.

Bu, çox maraqlı bir sosial bankçılıq və yardımlaşma formasıdır. Bunun əlbəttə ki, müsbət tərəfləri var. İnsanlar bir-birinə kömək edir, hər hansı iqtisadi problemlərini həll etmək üçün birləşərək maddi dəstək göstərirlər.

Məncə, bu normal bir haldır və xüsusilə həssas əhali qruplarının, yoxsul və aztəminatlı təbəqənin, hətta orta təbəqənin də bir-birinə kömək etməsi, müəyyən problemlərini dost, tanış və qohum vasitəsilə aradan qaldırması baxımından çox maraqlı bir təcrübədir. Mənim bildiyim qədər dünyanın çox az yerində belə bir təcrübə var. Amma bizdə bu ənənə illərin sınağından uğurla keçib.

Amma son dövrlərdə bununla bağlı ciddi problemlər də yaranır. Belə ki, lotoreyada pulu birinci və ya ikinci alan şəxslər sonrakı aylarda ödəniş etmək istəmirlər.

Bu kimi təhlükələrin qarşısını almaq üçün lotoreyanı təşkil edən şəxslər və iştirakçılar arasında notarius vasitəsilə müqavilə bağlanmalıdır. Orada tərəflərin məsuliyyətləri və vəzifələri aydın şəkildə göstərilməlidir. Bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Amma fırıldaqçılıq halları baş verdiyinə görə, əhali arasında problemlər yarana bilər. Buna görə də “kişi sözü”, “qohum sözü”, “dost sözü” kimi şifahi razılaşmalarla yanaşı, mütləq yazılı müqavilə də olmalıdır.

Həm pul götürüləndə, həm də ödənişlər həyata keçiriləndə bu müqaviləyə uyğun şəkildə hərəkət edilməlidir. Bu, insanlar arasında etimadı artırar.

Bu ənənənin qarşısını almaq olmaz. Çünki insanlar bir-birinə kömək etmək və qarşılıqlı razılaşma əsasında yardımlaşmaq istəyirlərsə, burada pis heç nə yoxdur. Məgər hamımız gedib banklardan faizlə pul götürməliyik? Yaxud bank olmayan kredit təşkilatlarına və ya lombardlara müraciət edib ağır şərtlərlə faiz ödəməliyik?

Əgər insanlar bir-birinə kömək edə bilirsə, hansısa xırda problemin həlli üçün — toyda, ad günündə, yasda və digər xeyir-şər işlərində — bu üsuldan istifadə edə bilirsə, niyə də olmasın?

Qanunvericilikdə bununla bağlı heç bir qadağa yoxdur. Sadəcə, fırıldaqçılığın qarşısını almaq, insanların bir-birini aldatmaması, məhkəmələrə düşməməsi və stres yaşamaması üçün bundan sonra bu proses şifahi razılaşma ilə yox, yazılı müqavilə və notarial təsdiqlə həyata keçirilməlidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə