"Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır" - ŞƏRH

"May ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüş keçirib. Görüşdə Azərbaycan Avropa münasibətləri, qarşılıqlı etimad və dialoqun inkişafı geniş şəkildə müzakirə olunub".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu görüş bir daha göstərir ki, Azərbaycan Avropa üçün mühüm və etibarlı tərəfdaşdır. Ölkəmiz qarşılıqlı hörmət və maraqlar əsasında Avropa ilə əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət yürüdür.

Qeyd etmək lazımdır ki, son günlərdə baş tutan digər yüksək səviyyəli təmaslar da bu dinamikanı təsdiqləyir. Belə ki, Prezident İlham Əliyevin videokonfrans vasitəsilə Yerevanda keçirilən tədbirdə çıxışı Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırıb.

Eyni zamanda, İtaliyanın Baş naziri Giorgia Meloni ilə keçirilən görüş də Azərbaycan Avropa əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bütün bu təmaslar onu deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və bu dialoq hər iki tərəf üçün zəruridir.

Azərbaycan qarşılıqlı maraqları nəzərə alaraq bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verməyə davam edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə