“Heydər Əliyevin dövlətçilik yolu Azərbaycanın gələcəyini müəyyənləşdirib” - ŞƏRH

“Anadan olmasının 103 illiyini qeyd etdiyimiz görkəmli dövlət və siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev konkret məkan və zamanda fəaliyyət göstərsə də, Azərbaycan xalqının və dövlətinin inkişafına və gələcəyinə dair baxışları ilə zamanın fövqündə dayanır. Zamandan uca olanlar, millətinin inkişaf yolunu əvvəlcədən bir neçə on illər və bəzən də yüz illər sonra üçün müəyyənləşdirənlər, tərəqqisinin başlıca şərt olan dövlətinin qüdrətlənməsinə ömrünü həsr edənlər dahilər, dühalar olurlar. Ulu öndərin bir neçə mərhələdəki fəaliyyəti bunu deməyə əsas verir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Onun sözlərinə görə, birincisi, Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, gələcək dövlət müstəqilliyi üçün zəruri olan maddi və mənəvi amillər formalaşdırıldı:

“Sonralar – müstəqillik illərində etdiyi nitqlərinin birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.

İkincisi, Heydər Əliyevin 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana hərbi müdaxilədən sonra müsəlman dünyasında itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən, xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzalqaşdırılması, Mərkəzdə daha yaxın nəzarət altında saxlanılması ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, yalnız onun formal elan edilməsi qalır. Vəzifədən çıxarılmasının ağır nəticələrinin olacağından qorxan Mərkəzdə oturanların fikrincə, dövlət müstəqilliyinin qarşısını Heydər Əliyevi Moskvada daha sərt nəzarət altında saxlamaqla almaq mümkün idi. Lakin onların bu istəyi də baş tutmadı. Moskvada işləyərkən Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan tarixi və mədəniyyətinə dair kitabları, albomları hədiyyə edirdi. Bu, onun böyük Azərbaycan sevgisinin və zamandan uca olmasının təzahürlərindən biri idi.

Üçüncüsü, vəzifələrindən çıxarıldıqdan sonra Moskvada yaşamaq mümkün olmadığından Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti ilə Azərbaycan xalqının gələcək inkişaf yolunu müəyyənləşdirdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ağsaqqal deputatı olaraq Heydər Əliyevin sədrliyi altında Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının iclasında Muxtar Respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı. SSRİ-nin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, sovet artibutlarından imtina edilməsi, sovet dövlətinin düşmən hesab etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının qəbul edilməsi tarixin gedişini dəyişən dinc, parlament üsyanı idi. Azərbaycan rəhbərliyinə Cümhuriyyətin dövlət rəmzlərini qəbul etmək tövsiyə olundu. Sovet qoşun hissələri ilk dəfə Naxçıvandan çıxarıldı. SSRİ-nin saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Bakıda parlamentdə etdiyi çıxışlarında zamandan, sistemdən və ideologiyadan ucada dayanaraq ardıcıl şəkildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının vacibliyini bildirən Heydər Əliyevin bəyanat verib Kommunist Partiyasının sıralarından istefa etməsi uzun onilliklər boyu dünyanı qorxudan bu ideologiyanın iflasında mühüm rol oynayan amillərdən biri oldu.

Dördüncüsü, 1993-2003-cü illərdəki fəaliyyəti ilə Heydər Əliyev Azərbaycan dövlətin dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan xilas edən, xalqının və dövlətinin gələcəyini müəyyənləşdirən lider oldu. “Əsrin müqaviləsi”nin imzalanıb həyata keçirilməsi ilə Heydər Əliyev Allahın bəxş etdiyi təbii sərvət olan nefti milli sərvətə çevirən ilk Azərbaycan dövlət rəhbəri oldu. “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısını almaqla göstərdi ki, Azərbaycan sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi müstəqillik tarixinin möhtəşəm hadisəsi oldu. Heydər Əliyev Cənubi Qafqazın və Orta Asiyanın geosiyasətini dəyişərək dünya siyasətinə təsir edən lider oldu. Neft və nəqliyyat-kommunikasiya strategiyası Orta Asiyanın yeni müstəqil dövlətlərinin də dünyaya çıxışına kömək etməklə müstəqilliklərini möhkəmləndirdi. Azərbaycan tranzit ölkəyə çevrildi, Tarixi İpək yolu bərpa edildi.
Anadan olmasının 103-cü ildönümündə Heydər Əliyevin milli dövlətçilik fəaliyyətinin öyrənilməsindən alınan ibrət dərsləri çoxdur. İlk növbədə, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti göstərir ki, sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir. Heydər Əliyev yolundan kənara çıxmaq Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, xalqı parçalamaq və vətəndaş müharibəsinə sürükləməkdir. Azərbaycan xalqı ona bədbəxtliklər gətirmiş 90-ci illərin əvvəllərinin acı təcrübəsini artıq birdəfəlik tarixin zibilliyinə atıb. Azərbaycan xalqının xəyallarını, arzularını həyata keçirən, onu qalib edən ulu öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi zəfər yolu daim davam etdirilməlidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə