“Avropa Parlamentariləri erməni lobbisinin girovuna çevrilib” -DEPUTAT DANIŞDI

“Cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin tədbirinə onlayn formatda qatılması və çıxışın edilməsi qabaqcadan razılaşdırılmışdı. Lakin Avropa Siyasi Birliyinin Zirvə görüşünün Ermənistanda keçirilməsi cənab Prezident İlham Əliyevin razılığı əsasında baş tutmuşdur”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, həm də balanslı yanaşmanı qorumaq üçün 2028-ci ildə bu görüşün Bakıda keçirilməsi nəzərdə tutulub:

”Nikol Paşinyan dövlət başçımıza təşəkkür edərək 2028-ci ildə Bakıda keçiriləcək görüşdə əyani iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçımız çıxışında bir neçə vacib məqama da toxundu. Azərbaycanla Aİ arasındakı münasibətlər yüksək qiymətləndirildi. Cənab Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli münasibətini kəskin tənqid etdi. Azərbaycan müstəqil ölkədir və bu qurumlar qarşısında heç bir öhdəliyimiz yoxdur.

Avropa Parlamentariləri erməni lobbisinin girovuna çevrilib və korrupsiyalaşmış fəaliyyətlərlə məşğuldurlar. Azərbaycan müstəqil ölkədir, nə Avropa Şurası Parlament Assambleyasının, nə də Avropa Parlamentinin qarşısında heç bir öhdəliyimiz yoxdur. Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinin inkişafı region üçün prioritetdir. Cənubi Qafqazda sabitliyin bərqərar olması həm də Avropa İttifaqının maraqlarına uyğundur. Sülhün möhkəmlənməsi Avropa ilə Asiya arasında təhlükəsizlik və nəqliyyat bağlantılarının təmin olunması deməkdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə