Əli Kərimlinin partiyası da bağlanır - ANALİZ

Nankorluq edən, xəyanət və satqınlıq edənləri islah etmək çox çətindir. Belə şəxslərə hörmət göstərilməyinə, rəğbət nümayiş etdirilməsinə baxmayaraq öz əməllərindən əl çəkmirlər. Bəlkə də üzdə səhvlərindən imtina edib, sağlam yol tutduqlarını söyləyirlər, ancaq əməllərindən öz iyrənc fəaliyyətlərini davam etdirirlər. Hazırda həbsdə olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və dəstəsinin üzvlərinin fəaliyyətlərini buna misal olaraq göstərmək olar. Zamanında Ramiz Mehdiyev heç kim idi. Ona etimad göstərildi, yüksək vəzifəyə təyin olundu. Ancaq vəzifə statusundan istifadə edərək özünə və ətrafına milyonlarla dəyərində daşınan və daşınmaz əmlak qazandırdı, "kökəldikcə" harınladı və nəhayət dövlət çevrilişi etməklə Azərbaycanda xalqa fəlakətlər yaşatmağa ümid etdi. Onunla eyni maraqları bölüşən əqidə yoldaşları XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev və digər keçmiş vəzifə mənsubları nankorluq yolu tutdular. Bu satqınlar sıralarına bütün fəaliyyətlərini dövlətçilyin sütunlarını qazmağa, xalqa ötən əsrin 90-cı illərində yaşatdıqları acıları yaşatmağa çalışan AXCP, Müsavat və Milli Şura funksionerlərini cəlb ediblər. Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Məmməd İbrahimin, İsa Qəmbərin, Arif Hacılının və digər dağıdıcı ünsürlərin pula, var-dövlətə hərisliyini anladıqlarından R.Mehdiyev onlara evlər, obyektlər bağışlayıb, rüşvət hesabına topladığı milyardlarından onlara milyonlar bağışlayıb. Bu kimi faktlar istintaqçılar tərəfindən aşkarlanıb və bu səbəbdən də haqlı olaraq AXCP sədri Əli Kərimli həbs olunub. Əli Kərimliyə qarşı CM-nin 274-cü maddəsi, hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, 278-ci maddə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, 193-1-ci maddələri ilə ittihamları irəli sürülüb. İttihamlar əsaslıdır. Bu baxımdan Ə.Kərimlinin ağır cəza gözləyir. Əgər Ə.Kərimli məhkəmənin qərarı ilə uzun müddətə azadlıqdan məhrumetmə cəzası alarsa, o halda AXCP-nin bağlanması qaçılmazdır. "Siyasi partiyalar haqqında qanuna" eləcə də digər qanunvericilik aktlarına görə siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsinə cəhdlər göstərsə, o zaman həmin siyasi partiyanın fəaliyyətinə xitam verilir. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa görə siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:

- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Cəmil Həsənli Saleh Rüstəmlinin açıqlamasını təsdiqlədi

Hiyləgər siyasətin iyrənc doğuran halı ondan ibrətdir ki, Ramiz Mehdiyev Rusiyadakı anti-Azərbaycan qüvvələrlə də geniş əlaqələr qurub. Bu məsələdə onun köməkçisi qismində Abbas Abbasov çıxış edib. Məlumata görə, A.Abbasovun Rusyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılovun şirkətin baş mühafizəçi işinə düzəlməsində Ramiz Mehdiyevin rolu olub. A.Abbasov mühafizəçi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də T.İsmayılovun yanına gələn qonaqlarını, dostlarını qarşılayıb və yola salıb. Bununla yanaşı, A.Abbasov üzərinə götürdüyü vəzifələri də yerinə yetirməyi unutmayıb. Məhz Abbas Abbasovun ideya müəllifliyi ilə Rusiyada "Milyarderlər ittifaqı" yaradıldı. A.Abbasov müxtəlif azərbaycanlı iş adamları ilə görüşüb onları "Milyarderlər ittifaqı"na üzv olmağa razı sala bilmişdi. İlkin dövrdə proseslərin istəklərinə uyğun getdiyini anlayan satqın şəbəkə Azərbaycanda "Ziyalılar Forumu" deyilən qondarma qurumun yaradılmasına nail olundu. O zaman bu qurumun yaradılması üçün 2 milyon 800 min manata qədər maliyyə vəsaiti xərclənmişdi. Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca dağıdıcı müxalifətin toplaşdığı "Milli Şura" adlı rusiyapərəst birlik formalaşdı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, "Milli Şura"nın "vahid namizədi" elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Gültəkin Hacıbəyli və digər 129 şura üzvü Rusiyadan onlara təqdim olunan Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyinə etiraz etmədilər. Buna onların cəsarəti də çata bilməzdi. Çünki onlar Ramiz Mehdiyevlə bütün məsələləri razılaşdırmış və üzərilərinə öhdəliklər götürmüşdülər. Milli Şuranın yaradılması zamanı Rusiya mətbuatı, xüsusilə də Kremlə yaxınlıqları ilə seçilən Lenta.ru, Vzglyad.ru, Izvestiya, Kommersant, Nezavisimaya Gazeta və digər nəşrlər geniş və əhatəli tərif xarakterli məqalələr dərc etmişdir. Araşdırmalarla təsdıq olunur ki, sözügedən Rusiya mətbu orqanlarında 2013-cü il prezident seçkiləri prosesi zamanı Milli Şuranın təbliği ilə bağlı 43 xəbər dərc olunmuşdur. Əli Kərimlidən iki müsahibə götürülmüşdür, R.İbrahimovun tərcümeyi-halını bəzəyib-düzəməklə 4 dəfə dərc etmişlər. Dekabrın 2-də təxribat maşını hesab olunan "Meydan" TV-nin Milli Şuranın sədri Cəmil Həsənli ilə müsahibəsində aparıcı bəyan etdi ki, hər ay Milli Şura və AXCP-yə Rusiyadan 25-30 min dollar maliyyə yardımları göndərilib. Bu faktı təkzib etməyə çalışan C.Həsənli dolaşıq və ziddiyyətli ifadələri ilə özünü çətin vəziyyətə saldı. Bildirdi ki, o fikri AXCP üzvü Saleh Rüstəmli açıqlayıb. Əlavə olaraq da qeyd etdi ki, "Saleh Rüstəmli Milli Şuranın tanıdığı "siyasi məhbus"ların ailələrinə çatdırılması üçün AXCP-yə Rusiyadan 6 min manat göndərib". Əslində "Meydan" TV-nin aparıcısının maliyyə yardımları ilə bağlı fikrində həqiqət var. Əli Kərimlinin əqidə dostu Saleh Rüstəmli Moskvada şirkətində çalışan Jenya Adolfovanın adına "Sberbank"da hesab açıb və həmin hesaba hər ay 30.000 ABŞ dolları məbləğində pul köçürüb. Pullar dostu və ortağı Vüqar Məmmədov vasitəsi ilə Bakıda yaşayan Cabir Hüseynliyə, bəzi hallarda isə qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırılıb. Bakı ilə əlaqələr "WhatsApp" proqramı vasitəsi ilə saxlanılıb. Həmin qrupda 34 nəfər yer alırdı ki, onlar qaranlıq məsələləri bir-biri ilə müzakirə edir və ortaq məxrəcə gəlirdilər. Adətən Moskvadan göndərilən pullar AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğlu və partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu vasitəsilə Əli Kərimlinin evində ona çatdırılıb. Pulu aldıqdan sonra Əli Kərimli Saleh Rüstəmliyə "WhatsApp" proqramı vasitəsilə təşəkkürünü çatdırıb.

Əli Kərimli Ramiz Mehdiyev vasitəsi ilə kimlərisə vəzifələrə təyin etdirib

Sual oluna bilər ki, Əli Kərimli özünü hakimiyyətə qarşı radikal müxalifət adlandırdığı halda nədən Ramiz Mehdiyevlə əməkdaşlıq etməlidir? Cavabı sadədir, Əli Kərimli şüurlu şəkildə anlayır ki, onun hakimiyyətə gəlməsi qeyri-mümkündür. Hətta bundan sonra parlament üzvü seçilməsi də mümkünsüzdür. Yaş isə gedir, sağlamlığı da tükənir. Çıxış yolunu hakimiyyətin əsas adamı vasitəsi ilə maddi vəziyyətini düzəltmək, ölkə daxilində müəyyən istəklərinin həyata keçirilməsinə nail olmaq. Buna da Ə.Kərimli R.Mehdiyev vasitəsi ilə nail olub. Mətbuatda yazılanlara görə, Ramiz Mehdiyev AXCP və Milli Şuraya ümumilikdə 18 milyon manata yaxın maliyyə vəsaiti ödəyib. Eyni zamanda Ramiz Mehdiyev Əli Kərimliyə, Cəmil Həsənliyə Böyük Britaniyada, Gültəkin Hacıbəyliyə Bakıda və Türkiyədən mənzillər bağışlayıb. Şübhəsiz ki, Ramiz Mehdiyev Əli Kərimlinin ölkə daxilindəki maraqlarını da həyata keçirib. Yəni Əli Kərimlinin istəyinə uyğun olaraq kimlərsə vəzifələrə təyin olunub və ya kimlərsə qeyri-qanuni olaraq işindən olub. Ona görə də, istintaq orqanları bu kimi məsələləri xırda detalına qədər araşdırıb, Ə.Kərimlinin tələbi ilə Ramiz Mehdiyev vəzifələrə təyin etdiyi şəxslərin kimliyini müəyyənləşdirəcək.

Üzə çıxan məlumatlara görə Əli Kərimlinin bir sıra qara işlərini AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həyata keçirib. Məmməd İbrahim o şəxsdir ki, 2015-ci ilin sentyabrında həbs edilmişdi. O, AXCP-dən istefa vermiş Mikayıl Quliyevin Əli Kərimliyə qarşı ittihamlar irəli sürdüyünə görə ona qarşı zoraklıq etmiş, bədən xəsarətləri yetirmişdir. Bu qeyri-insani hərəkətinə görə M.İbrahimə qarşı cinayət işi qaldırılmış və o 2016-cı il martın 15-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdir. 2017-cu il yanvarın 10-u Suraxanı rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək əlavə 5 ay 22 gün müddətinə azadlıqdan məhrum etmişdi. Bu əməllərindən sonra düşünmək olardı ki, M.İbrahim islah olunacaq və növbəti cinayət əməlləri törətməkdən çəkinəcək. Ancaq görünən ondan ibarətdir ki, M.İbrahim Ə.Kərimlinin qurduğu tora salınıb və torun bir ucu R.Mehdiyevin əlində cəmləşib. Çox vaxtı R.Mehdiyevin ayırdığı pullar M.İbrahim vasitəsi ilə Ə.Kərimliyə çatdırılıb. Düzgün və sədaqətli xidmətinə görə, Ramiz Mehdiyevin göstərişi ilə M.İbrahimin oğlu Turan İbrahimli dövlət idarələrindən birinə məsul vəzifəyə təyin olunub. Təbii ki, belə hallar istintaqın gözündən yayınmayacaq. Daha doğrusu ciddi və əsaslı faktların üzə çıxması səbəbindən artıq M.İbrahim DTX tərəfindən saxlanılıb. Ona qarşı AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq araşdırmaları isə davam edir. Yəqin ki, yeni adlar üzə çıxarılacaq. Hər kəs etdiyi cinayətin cəzasını mütləq çəkəcək. Bununla da bir daha Azərbaycanda heç kimin və ya qrupların qeyri-qanuni yollarla nəyəsə nail olmasının mümkünsüz olduğu nümayiş etdiriləcək. Həm də təsdiq olunur ki, Azərbaycan hüquqi, demokratik dövlətdir. Hər bir məsələ hüququn aliliyinə arxalanmaqla nail olmaq olar. Hansısa qanunsuzluq cinayət məsuliyyəti yaradır və bu hallara yol verənlər mütləq cəzalarını alacaqlar.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə