"Azərbaycanda mətbuat siyasəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ
”Azərbaycan Respublikasında milli mətbuat bayramı dövlət səviyyəsində geniş miqyasda qeyd olunur. Bu, dünya ölkələri kontekstində nadir hallarda müşahidə edilən bir haldır. Çünki bir çox ölkələrdə mətbuatın formalaşması və fəaliyyəti cəmiyyətin ümumi inkişafı fonunda qeydə alınır, lakin bayram kimi xüsusi və yüksək səviyyəli tədbirlərlə müşayiət olunması geniş yayılmış təcrübə deyil. Azərbaycan isə bu sahədə fərqlənir və milli mətbuatın yubileyinə yüksək diqqət və hörmət nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev sözlərinə belə davam edib: “Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncama əsasən, respublikanın bütün bölgələrində, həm dövlət qurumlarının təşəbbüsü ilə, həm də regional səviyyədə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycanda mətbuat siyasəti artıq dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Hətta qeyd etmək olar ki, Azərbaycan mətbuatının bayramı elə bir yeganə sahədir ki, Prezident mütəmadi olaraq bu münasibətlə öz rəsmi sosial şəbəkə hesablarında təbriklər paylaşır. Digər peşə və sahə bayramları ilə bağlı belə paylaşım hallarına nadir hallarda rast gəlinir.
Azərbaycan mətbuatının dövlət himayəsində olması onun əvvəlki dövrlərlə müqayisədə daha keyfiyyətli inkişaf mərhələsinə keçdiyini göstərir. Xüsusilə sovet dönəmində və ondan əvvəlki mərhələlərdə mətbuat dövlətin nəzarət və məhdudiyyətləri altında fəaliyyət göstərirdi. Bu dövrlərdə mətbuat daha çox dövlət tərəfindən tənzimlənən və yönləndirilən bir vasitə kimi çıxış edirdi. Lakin müasir mərhələdə mətbuat ilə dövlət arasında qarşılıqlı əməkdaşlıq modeli formalaşmışdır. Bu münasibətlər milli maraqlar, informasiya təhlükəsizliyi və ictimai sabitlik çərçivəsində sintez halında özünü göstərir.
Hazırda mətbuat sektoru Azərbaycanda fasiləsiz fəaliyyət göstərən bir sistemə çevrilmişdir və onun gələcəkdə bu dəstəkdən məhrum olacağı ehtimalı demək olar ki, mövcud deyil. Azərbaycan jurnalistləri və media orqanları bu sahədə dövlətin atacağı növbəti addımları böyük maraq və ümidlə gözləyirlər. Onlar yalnız keçirilən tədbirlərlə kifayətlənməyərək, dövlət tərəfindən daha konkret və məqsədyönlü dəstək mexanizmlərinin həyata keçiriləcəyinə ümid bəsləyirlər. Bu isə sözsüz ki, onların hüququdur.
Nəticə etibarilə, milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunması təkcə jurnalistika sahəsində deyil, ümumilikdə cəmiyyətin informasiya mühitində keyfiyyət dəyişikliyinin göstəricisidir. Bu hadisə həm media, həm də jurnalistlərin tarixində əlamətdar və strateji əhəmiyyət daşıyan bir mərhələ kimi qalacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə