Tanrının seçilmiş bəndələrindən olan bütöv insan - (Esse)

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Eyruz Surxay oğlu Məmmədovla bizim tanışlığımızın və bu tanışlığın dostluğa çevrilməsinin tarixi 1976-cı ilə gedib çıxır. Yadımdadır ki, mən həmin vaxt ali məktəbi bitirəndən sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyirdim. Və o dövrün cavanları demək olar ki, tez-tez Sumqayıt teatrının tamaşalarına baxmağa gəlirdilər. Tamaşalardan sonra olan müzakirələrdə fəal iştirak edirdilər. Yaradıcı gənclər bu barədə mətbuatda maraqlı yazılar, ressenziyalar çap etdirdilər. Onlar Sumqayıtda keçirilən mədən-kütləvi tədbirlərdə, bu şəhərə qonaq gələn məşhur insanlarla olan görüşlərdə çox yaxından iştirak edirdilər. Bax, həmin cavanlardan ən fəalı isə məhz Eyruz Məmmədov idi.

Mən ondan üç yaş böyük olsam da, biz Eyruza bir ağsaqqal kimi baxırdıq. Çünki dediyi orijinal fikirlər, hamıya diqqətlə qulaq asması, hər bir məsələ haqqında maraqlı, məntiqli fikirlər söyləməsi, müdrik düşüncə tərzində olması və hətta dünya şöhrətli insanlarla apardığı müsahibələr, onlara verdiyi sualların orijinallığı onu ağsaqqal kimi görməyə əsas verirdi. Eləcə də məşhurlarla keçirilən görüşlərdə Eyruzun onlara verdiyi dolğun suallar və həmin insanların bu sualları yüksək qiymətləndirməsi onun cavan yaşında mükəmməlliyinin göstəricisi idi. Eyruzun həmin vaxtlar Azərbaycanda ana dilimizlə yanaşı, əsas dövlət dili kimi qəbul olunan rus dilini də dərindən bilməsi, onu həmyaşıdlarından fərqli edirdi. Yazdığım bu məziyyətlərinə görə Eyruz Məmmədovun bizdən fərqli olaraq dostları daha çox idi. Demək olar hamısı da onunla hesablaşırdılar. Yadıma gəlir ki, lap cavanlıq illərindən Eyruz dünya dahilərinin kəlamlarını, aforizmlərini toplayırdı və yeri gələndə onlardan həm yazılarında və həm də dostlar arasında yerindəcə ustalıqla istifadə edirdi. Məşhur fransız yazıçısı, filosofu Helvetsinin bu kəlamını ilk dəfə mən ondan eşitmişəm: “Ürəyə sancılmış iynələri yalnız dost əli çıxara bilər”. Bəli, Eyruz həmişə dostlarının yanında olub və onlara əlindən gələn köməkliyi əsirgəməyib.

1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrındakı işimlə paralel mənim şəhərin tarixində ilk dəfə yaratdığım “Ümid” Teatr-Studiyasının məhz birinci ən böyük təbliğatçısı idi Eyruz Məmmədov. Çünki o, həmişə yeni, eksperiment işlərin tərəfkeşi idi. Kollektivimizin tamaşaları haqqında maraqlı yazılar yazırdı. “Ümid” Teatr-Studiyası, 1979-cu ildə Mədəniyyət nazirin əmrilə Sumqayıt Gənclərinin Xalq Teatrı adını alanda, 1980-ci ildə Moskvadan SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindən Sumqayıta Qızıl medal gətirəndə ilk olaraq bütün bunlar haqqında məhz Eyruz Məmmədov yazdı. Bizi öz işimizə həvəsləndirdi və respublikada daha yaxşı tanıtdı...

Beləcə illər keçdi... Hər ikimiz həyatda təcrübə qazandıqca, uğurlar əldə etdikcə, bir-birimizin uğurlarına sevindikcə daha da yaxınlaşdıq və əsl dost olduq.

Eyruz Məmmədov “Exo Sumqayıta” qəzetinə rəhbərlik etməyə başladığı ilk günlərdən dünya səviyyəli informasiyalar toplayırdı. İnanırdıq ki, bütün bunlar gələcəkdə xaqlımız üçün ən dəyərli yazılar olacaq. Bu informasiyaların, xəbərlərin bəzilərinin əsasında Eyruz Məmmədov çox maraqlı məqalələr hazırlayıb dünya mətbuatına çıxarırdı və oxucuları tərəfindən yüksək səviyyədə qarşılanırdı. Eləcə də o, 1988-ci ilin fevral ayının 28 və 29-unda ermənilərin və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əlilə Sumqayıtda törədilən qanlı hadislər əsasında “Sumqayıtın əks-sədası” adlı çox maraqlı kitablar yazdı. Bu kitablar əsasında Eyruz Məmmədov çox istedadlı rejissor, vaxtsız vəfat eləmiş Davud İmanovla birlikdə ssenari yazaraq “Sumqayıtın əks-sədası” adlı çox seriyalı sənədli kinofilm araya-ərsəyə gətirdilər. Bu sənədli kinofilmdə çəkilən keçmiş SSRİ-nin rəhbərlərilə Eyruz Məmmədov və Davud İmanovun görüşməsinə Moskvada yaşayan həmyerlimiz, maraqlı nasir, dramaturq, ssenarist, mərhum dostumuz Fərhad Ağamalıyev çox köməklik elədi. Belə ki o, həmin adamların telefonlarının tapılmasında, onlarla görüşlərin təşkilində xeyli iş gördü. “Sumqayıtın əks-sədası” keçmiş Sovetlər birliyində həqiqətən böyük əks-sədayartdı. Az bir vaxtda bu kinofilmə görə Eyruz Məmmədov və Davud İmanov respublikamızda və MDB məkanında çox məşhur oldular. Mən də hər iki dostumun bu uğurlarına çox sevinirdim.

Eyruz topladığı maraqlı, tarixi məlumatlar haqqında biz dostlara çox böyük qürurla danışırdı. İnanırdıq ki, bunlar gələcəkdə Azərbaycan üçün çox qiymətli yazılar olacaq. Amma sən saydığını say, gör fələk nə sayır. Günlərin bir günü Eyruz Məmmədovun “Exo Sumqayıta” qəzetindəki kabineti kimlər tərəfindənsə yarıldı və oradakı kompüterlər və içindəki yazıların hamısı oğurlandı. Bax, bütün bunlarla həmin şərəfsizlər dostumuz Eyruz Məmmədova böyük stresslər, depressiyalar yaşatmaq, onu peşə fəaliyyətindən uzaqlaşdırmaq, vaxtından tez haqq dünyasına qovuşdurmaq istəsələrdə, arzularına çata bilmədilər. Əslində onlar bu namərd hərəkətlərilə dostumuza böyük güc, qüvvət, daha geniş işgüzarlıq, təxəyyül verdilər. Eyruz həmin vaxtı cəmi dörd aya Sumqayıt şəhərinin 50 illik yubileyinə həsr olunan 800 səhifəlik “Sumqayıtım mənim” adlı çox böyük, geniş həcmli kitabını yazdı. Özü də kohnə bir kompüterdə. Bu kitab Sumqayıt tarixində bir salnamə oldu. Çünki bu kitabda heç vaxt yazılmayan çoxlu oçerk, tarixi məqalə toplanmışdı. Bu yazılar da gələcək nəsillərimiz üçün bir töhfə kimi qaldı. Həmin kitabın Sumqayıtda çox geniş müzakirəsi oldu. Respublika mətbuatında bu haqda çox yazıldı, televiziyalar verilişlər hazırladı. Beləliklə, Eyruzu diz çökdürmək istəyənlərin arzuları ürəyində qaldı və özləri mənən diz çökdülər.
Eyruzun lap cavanlıq illərindən xasiyyətində olan yeddi cəhət həmişə məni valeh eləyib. Elə bu gün də həmin yeddi cəhət onunla təmasda olan və dostluq edən hər kəsi valeh eləyir. Birinci- Eyruz qarşısındakı adamı yüksək səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə malikdir. İnkici-Eyruz az danışmağı və çox iş görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək qabiliyyətinə malikdir. Üçüncü-Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa həmişə sadiq olur. Dördüncü-Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən müqqəddəsdir. Beşindi- Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşıb və onlarasadiqdir. Altıncı-doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı ilə sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında ən çox yazan və bu şəhərin salnaməsini yaradan böyük ziyalıdır. Eyruz Sumqayıtı bir gözəl şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi yaşadır. Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır. Yeddinci- Eyruz Azərbaycanı ən böyük, ən unikal, ən qədim ölkə hesab eləyir və bu haqda dünya səviyyəsində çap olunan silsilə yazıların müəllifidir. Vətənini, xalqını sevməkdə dostum Eyruz Məmmədov bir etalondur.

Eyruz təkcə dostuna, yoldaşına deyil, hər bir insana əlindən gələn köməkliyi böyük həvəslə eləyən dəyərli vətəndaşdır. Həmçinin böyük maarifpərvərdir, yaxşı müəllimdir. Onun yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidmətləri vardır. Eyruz çox maraqlı yazıçı kimi də tanınır. Hər bir oxucunun tez-tez müraciət etdiyisevimli əsərlər ərsəyə gətirib. Bu vaxta qədər otuz kitabı çap olunub və ondan çox kitabı da işıq üzü görmək üçün zamanını gözləyir.

Eyruzun böyüklüyü və müdrikliyi ilə bağlı mən maraqlı bir hadisəni qeyd etmək istəyirəm. 1997-ci ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru çalışdığım vaxt mənə qarşı çox böyük haqsızlıq olduğuna görə ərizə yazıb işdən çıxandan sonra Dağıstana gedib, orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppası yaratmışdım. Üç il həmin teatrla Dağıstanın hər yerində maraqlı çıxışlar edirdik və 1950-ci ildə bağlanmış Dağıstan-Azərbaycan Dövlət Dram Teatrını bərpa elədik. Azərbaycan Mədəniyyət Nazirliyinin məkrli əli Dağıstana da uzandı və məni həmin teatra rəhbərlik eləməyə qoymadılar. 2000-ci ildə mən yenidən Azərbaycana qayıtsam da burada teatrlarda quruluşçu rejissor işləməyimə belə imkan vermədilər. Məni ölkə rəhbərliyinə bir dissident kimi qələmə vermişdilər. Həmin vaxt bu haqsızlıqlardan infarkt keçirdim. Eyruz Məmmədov bir dost olaraq mənim yanımda oldu. Mənə ürək-dirək verdi və hətta Sumqayıtla bağlı çəkdiyi çox seriyalı sənədli kinofilmə Sumqayıt teatrı və mədəniyyətilə bağlı bildiyim fikirləri və mənim xidmətlərimə həsr olunan maraqlı süjetlər çəkdi. Həmin sənədli kinofilmdə aparıcılıq da elədim. Eyruz mənim özümə inamımı geri qaytardı. İnfarktdan sağaldım. Məşhur yazıçı Oneri de Balzakın bu kəlamı yadıma düşdü: “ Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma”. Eyruz da öz mənafeyini qorumaqla özünə olan pisliklərdən heç vaxt qorxmayıb, həmişə işıqlı insanlara arxa-dayaq olub, yaşamaq üçün inam, ümid verib. Qocaman palıd kimi onların arxasında durub.

Eyruzun böyüklüyünə, ürəyigenişliyinə aid başqa bir misal. Mən baxmayaraq 16-17 yaşlarından jurnalistika ilə, bədii yaradıcılıqla məşğul olsam da, teatrlara rəhbərlik elədiyim vaxt teatr işinə başım qarışdığından bu sahədə az çap olunurdum. Çünki əsas fikrim teatr idi. Yalnız pyeslərim və tərcümə elədiyim əsərlər teatrlarda tamaşaya qoyulurdu. 2000-ci ildə “Məhkəmədən əvvvəl məhkəmə və ya Kəfənini geymiş qoca” həkayələr, pyeslər toplusu çap etdirməmişdən əvvəl həmin kitabı oxumaq üçün Eyruz Məmmədova verdim və ondan xahiş elədim ki, mənə dəqiq rəyini desin. Eyruz həmin kitabı bir neçə günə oxudu və məni məcbur elədi ki, bu kitabı hökmən çap etdirim. Əsər çap olundu və az bir vaxtda böyük oxucu marağına səbəb oldu. Bununla da Eyruz məni bədii əsərlər yazmağa daha çox həvəsləndirdi. Artıq 20 kitabım çap olunub. Ən başlıcası isə Eyruzda paxıllıq, həsəd, ayaq altını qazmaq, pislik etmək, arxaca danışmaq kimi naqis cəhətlər yoxdur. Ucalığı, böyüklüyü onu hər kəsə sevdirib. Bu da Ulu Tanrı tərəfindən yalnız seçilmiş insanlara verilir.

Eyruz Məmmədov ömrünün artıq ən müdrik dövrünü yaşayır. 70 illik yubileyin mübarək, dəyərli dostum, qardaşım, əqidədaşım, məsləkdaşım Eyruz Surxayoğlu. Atalar gözəl deyib: “Ot kökü üstündə bitər”. Sən Surxay kişi kimi bir ağsaqqalımızın, Böyük Vətən Müharibəsinin odlarından, alovlarından keçən qorxmaz, cəsur kişinin layiqli övladısan. Başqa cürə də ola bilməzsən.

Peyğəmbərimiz İmam Əli deyib ki, “dostluqda sadiq olmayan, həmişə xəcalətlidir”. Sənin başın həmişə ucadır. Çünki sən həm dostluqda sadiq olmusan və həm də sülh tərəfdarı kimi həmişə küsənləri barışdırmısan. Onlar arasında da dostluq toxumu səpmisən.

Bir sözlə, əziz dostum, sən bütöv insansan. Bütöv insan olmaq isə həyatda hər kəsə nəsib olmur...

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə