Fərrux kəndi strateji əhəmiyyətə malikdir -DEPUTAT ŞƏRH ETDİ

“Qeyd edim ki, nəinki Fərrux kəndi, Azərbaycanın bir qarış torpağı da bizim üçün doğma və əzizdir. Fərrux kəndinin isə xüsusi önəmi var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, bildiyimiz kimi, Fərrux kəndi və ətraf yüksəklikləri Xocalı rayonunun ərazisinə aiddir. Bu yüksəkliklər mühim əhəmiyyətə malik ərazilərdir. Bu kənd strateji nöqteyi-nəzərdən də olduqca əhəmiyyətlidir. Çünki Fərrux kəndindən Ağdam rayonunun bir hissəsini və digər yerləri nəzarətdə saxlamaq mümkündür.
Bu gün bu yüksəkliklərin ordumuzun nəzarəti altına keçməsi çox təqdirəlayiq hərəkətdir. Bu ərazi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesi daxilində baş verən bir hadisədir. Buna görə də bəzi dövlətlər bu hadisəni başqa cür səsləndirmək, başqa yerə yönləndirmək istəyirlər. Lakin biz öz ərazilərimizdən kənarda olan hər hansı bir yüksəkliyi ələ keçirməmişik. Bura məhz Azərbaycanın öz daxili ərazisidir və ölkənin daxilində baş verən bir hadisədir.

Üçtərəfli bağlanmış bəyanatda da müəyyən müddəalar qəbul olunub. Lakin bilirsiniz ki, Ermənistan tərəfi bu günə qədər məqsədli şəkildə bu müddəaları yerinə yetirmir. Onlar bütün bunları edərək, sülh danışıqlarını gecikdirməyə çalışırlar.

Eyni zamanda, hazırda qanunsuz erməni silahlı dəstələri də mövcuddur. Son zamanlarda onlar nədənsə güc alaraq, haradansa komando götürərək müəyyən narahatlıqlar törədirlər. Azərbaycanın isə suverən hüququdur ki, Azərbaycan ordusu orada, hətta antiterror əməliyyatlarını həyata keçirsin. Hələlik isə, buna ehtiyac görülmür. Elə başa düşürəm ki, Azərbaycan bu gün necə lazımdırsa, o addımı da atıb. Cənab Prezidentin yaxşı bir sözünü xatırlatmaq istəyirəm ki, “Mən nəyi, necə, nə zaman etməyi çox yaxşı bilirəm” demişdi. Bu gün əgər Fərrux kəndi Azərbaycan ordusu tərəfindən öz mövqeyini möhkəmləndiribsə, deməli, bu proses elə bu günün tələbidir. Qarşı tərəf də bundan nəticə çıxarmayacaqsa, yenidən müəyyən addımlar atılacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə