Azad olunmuş ərazilərimizdə bərpa işləri sürətlə aparılır - DEPUTAT ŞƏRH ETDİ

"Novruz bayramı günlərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bayram tonqalının yandırılması qalib xalq olaraq bizi qürurlandırır. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri bu baxımdan əlamətdardır".

Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, səfər zamanı dövlətimizin başçısı Suqovuşanda həyata keçirilən bərpa quruculuq işləri ilə tanış olub, Mehriban xanımla birlikdə yeni təməllər atıb: “Bütün bunlar onu göstərir ki, azad olunmuş ərazilərimizdə bərpa işləri böyük sürətlə aparılır və bu işlər ölkə rəhbərliyinin xüsusi diqqətindədir. Cənab Prezident dəfələrlə bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevrəcəyik. Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir”.

Millət vəkilinin sözlərinə görə, cənab Prezidentin bayram tonqalını ötən il Şuşada, bu il isə Suqovuşanda alovlandırması rəmzi məna daşıyır: “Bu o deməkdir ki, artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Bu hadisə həmçinin, Ulu öndər Heydər Əliyevin arzularının reallaşması deməkdir. Bayram tonqalını alovlandırdıqdan sonra xalqımızı təbrik edən Prezident İlham Əliyev Suqovuşanda görüləcək işlər barədə fikirlərini bildirdi. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq. Suqovuşanın turizm imkanları da çox böyükdür. Dövlət başçısı bu istiqamətdə görülən işlərin də anonsunu verdi. Təməli atılan turizm obyektinin gələn ildən insanların xidmətinə verilməsi nəzərdə tutulur”.

Fatma Yıldırım qeyd edib ki, bütövlükdə regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür: “Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə