Saç tökülməsini azaltmağa və saçları gücləndirməyə kömək edə bilər - MARAQLI

Saç tökülməsini azaltmağa və saçları gücləndirməyə kömək edə bilər - MARAQLI

Saç tökülməsi qadın və kişilər arasında ən çox rast gəlinən problemlərdən biridir. Bu hal genetik meyilliliklə yanaşı, stress, qeyri-düzgün qidalanma, hormonal dəyişikliklər və yanlış saç baxımı səbəbindən də yarana bilər. Son dövrlərdə isə saç baxımında təbii yağlardan istifadə daha çox maraq doğurur.

SİA xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi təbii vasitələrdən biri rozmarin (biberiye) efir yağıdır. Bildirilir ki, bu yağ saç dərisində qan dövranını dəstəkləməyə, saç köklərinin qidalanmasına kömək edə və nəticədə saç tökülməsinin azalmasına müsbət təsir göstərə bilər.

Şampuna necə əlavə edilməlidir?

Tövsiyəyə əsasən, təxminən 250 millilitrlik şampun qabına 5–6 damcı rozmarin yağı əlavə etmək kifayətdir. Şampun istifadə olunmazdan əvvəl qabı yaxşıca çalxalamaq məsləhət görülür. Bəzi mənbələr hər yuma zamanı əlavə olaraq 1–2 damcı da istifadə oluna biləcəyini bildirir. Şampun saçda bir neçə dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulmalıdır.

Saçları tez yağlanan insanlar üçün alternativ olaraq şam terebentin yağı da tövsiyə olunur. Bu yağın saç tellərini möhkəmləndirməyə və saç dərisində yağ balansını tənzimləməyə kömək etdiyi bildirilir. Lakin saç uclarında quruluq yarada biləcəyi üçün istifadə etdikdən sonra saç kremi çəkmək məsləhət görülür.

İstifadə zamanı diqqətli olun

Mütəxəssislər vurğulayırlar ki, efir yağları yüksək konsentrasiyalı olduğundan onları həddindən artıq istifadə etmək düzgün deyil. Saf yağlar bəzi insanlarda allergik reaksiyaya və ya dəri qıcıqlanmasına səbəb ola bilər. Buna görə də ilk istifadədən əvvəl kiçik bir dəri sahəsində sınaq aparılması tövsiyə edilir. Əgər saç tökülməsi uzun müddət davam edirsə və ya güclüdürsə, səbəbin müəyyənləşdirilməsi üçün dermatoloqa müraciət etmək vacibdir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə