Süni dadlandırıcılar necə icad olundu?

TRT "Türkiyənin səsi" radiosunun Azərbaycan dilində buraxılışında “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu gün süni dadlandırıcılardan bəhs ediləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şəkər bütün canlıların, xüsusən də insanların qida zəncirində çox mühüm yer tutur. Ümumiyyətlə, istər karbohidrat və zülal, istərsə də meyvə və tərəvəz olsun, yediyimiz hər növ qidada az və ya çox şəkər vardır.

Birbaşa şəkər istehsal etmək üçün əkilən şəkər qamışı və şəkər çuğunduru kimi bitki məhsulları isə bütün dünyanın kənd təsərrüfatı istehsalında mühüm yer tutur. Bununla belə, keçmişdən bu günə qədər təbii şəkər başda şəkər xəstələri olmaqla ciddi təhlükələr yaradır. Amma ənənəvi kulinariya mədəniyyətinə sahib xalqlarda şəkər və ya şəkər tərkibli məhsullar hər zaman az və ya çox dərəcədə süfrələrdə öz yerini tutur. Türkiyədə insanlar “Şirin yeyin, şirin danışın” şəklindəki deyimlərlə özlərinə haqq verərək şəkərdən bir addım da geri çəkilmək istəmirlər.

Həddindən artıq şəkər istifadəsi diabet və piylənmə başda olmaqla ürək-damar sağlamlığına zərər verərək və qaraciyəri yağlandıraraq yan təsirlər yaratdı ki, bunları aradan qaldırmaq, həm də artan dünya əhalisinin şəkər ehtiyacını ödəmək üçün süni dadlandırıcılar ortaya çıxdı. “Aspartam”, “Alitame”, “Saxarin”, “Suklaroza” kimi müxtəlif adları olan şəkər dadlandırıcıları daha çox süni dadlandırıcı “saxari”nin kəşfilə əlaqədar əsasən bu şəkildə adlanır. Süni dadlandırıcının icadı tamamilə təsadüflərin nəticəsi idi.

1879-cu ildə ABŞ-ın Cons Hopkins Universitetində (John Hopkins University) elmi tədqiqatlar aparan kimyaçı-əczaçı Konstantin Fahlberq (Constantin Fahlberg) kömür qatranı üzərində müxtəlif təcrübələr aparırdı. Universitetin prorektoru İra Remsenin iştirak etdiyi bu təcrübələrdən birindən sonra Fahlberq şam yeməyinə qısa fasilə verdi. Əllərini yumadan yemək masasına oturmuşdu. Bu arada əlini ağzına apararkən barmaqlarından ağzına şirin bir dad gəldi. Süfrədən sürətlə ayrılaraq laboratoriyasına qayıdan Konstantin kömür qatranı ilə fosfor və ammonyak mayeləri üzərində təcrübələr apardı. Bütün bu araşdırmalar nəticəsində amerikalı kimyaçı sonralar süni dadlandırıcıların ilki sayılacaq saxarini kəşf etdi. Saxarin adi şəkərdən 300 dəfə şirin olmasına baxmayaraq, sıfır kalorili dəyərə malik olması kimi mühüm xüsusiyyətə malik idi. Təsadüfi kəşfini yazdığı 2 məqalə ilə dünyaya bəyan edən Konstantin Fahlberq 1884-cü ildə yeni məhsulu patentləşdirdi. Lakin o illərdə şəkərin qiymətinin aşağı olması və kimyəvi məhsulların bahalı və saxarinin istehsalının çətin olmasına görə bu kəşfə çox da fikir verilmədi.

Məhz Birinci Dünya Müharibəsi süni dadlandırıcıların taleyini dəyişdi. Müharibənin başlaması ilə bütün dünyada şəkər istehsalı azaldı, dəniz yollarıyla Avropa ölkələrinə və ABŞ-a şəkər ticarəti axsadı və qiymətlər sürətlə artdı.

Birinci Dünya Müharibəsindən sonra bütün dünyada baş verən 1929-cu il iqtisadi böhranı qida və içki sənayesində dadlandırıcı məhsullara müraciətə məcbur etdi. Bununla da süni dadlandırıcılar dövrü başladı.

İkinci Dünya Müharibəsindən sonra - 1960-70-ci illərdə arıqlamaq və sağlam qidalanma xüsusilə gənc nəsil arasında dəb halını aldı. Bunun ən qısa yolu tərkibində təbii şəkər olan qidalar əvəzinə süni dadlandırıcılardan istifadə edilən məhsullara keçmək idi. Lakin o vaxtdan bəri süni dadlandırıcıların insan sağlamlığına təsiri mübahisəli olaraq qalır. Buna görə də hər bir ölkənin səhiyyə orqanı süni dadlandırıcıların istifadəsi ilə bağlı öz qaydalarını qoyub. Məsələn, istehsalında yüksək istilik tələb edən qida və içkilərdə bəzi süni dadlandırıcıların istifadəsi qadağan olunub və ya məhsula əlavə olunan miqdarı ciddi şəkildə məhdudlaşdırılıb. Ancaq bura qədər bütün elmi araşdırmalar, qaydalar və məhdudiyyətlər təsadüfi bir kəşfin nəticəsi olan süni dadlandırıcılarla bağlı beyinlərdəki sual işarələrini tamamilə silə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə