Azərbaycan cüdoçuları Gimnaziadanı 13 medalla başa vurublar

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışlarına yekun vurulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, son yarış günündə Azərbaycan cüdoçuları 6 medal qazanıblar.

Qızlar arasında Diana Eldarova (57 kiloqram) bürünc mükafata sahib çıxıb. Oğlanlar arasında Məhəmməd Ağakişiyev və Səid Şərifov (73 kiloqram) finalda birincilik uğrunda mübarizə aparıblar. Görüşün yekununda M.Ağakişiyev qızıl, S.Şərifov isə gümüş medal əldə edib. Amin Mehdiyev (81 kiloqram) və Səid Hüseynov (90 kiloqram) ikinci, Sübhan Axundov (90 kiloqram) isə üçüncü yeri tutub.

Oyunların ilk günündə Azərbaycan yığması 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb. Bununla da, milli komanda cüdo yarışlarını 2-si qızıl, 4-ü gümüş və 7-si bürünc olmaqla ümumilikdə 13 mükafatla başa vurub. Nəticədə Azərbaycan seçməsi yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə