Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTOLAR

Şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, oktyabr ayının 26-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından etibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını təmin edib. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.

Eyni zamanda, şəhər sakinləri və paytaxt qonaqlarının zövqünü oxşayacaq güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə