“Qubadlının işğaldan azad edilməsi çətin hərbi vəzifələrdən biri idi“ - ŞƏRH OLUNDU

“Qubadlı şəhəri müzəffər Ali Baş komandan, müzəffər ordumuzun 44 günlük tarixi zəfərdə azad etdiyi önəmli şəhərlərdən biridir. 44 günlük vətən savaşı müddətində Cənab Prezident İlham Əliyev tərəfindən elan olunan hər kəndimizin, rayonumuzun və şəhərimizin adları bizim üçün əzizdir, o cümlədən Qubadlı şəhərinin azad olunmasının 4 ili xalqımız üçün böyük bir hadisə, ordumuzun böyük bir uğurudur. Azərbaycan ordusu çox qısa zaman kəsiyində, Füzuli və Cəbrayıl istiqamətində irəliləyərək Qubadlı şəhəri və rayonunu işğaldan azad edib. Bu hərbi uğur bizə düşmənin müqavimətini və qamətini qırmağa, daha da irəliləyərək digər rayon və şəhərlərmizi işğaldan azad etməyimizə səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, Azərbaycan ordusunun geniş hücumu nəticəsində düşmən işğal etdiyi ərazilərdən qaçmaq məcburiyyətində qalmışdır. Qubadlı istiqamətində irəliləməyimiz ordumuzun gücünü, çətin relyefdə hərbi vəzifəsinin öhdəsindən uğurla gəldiyini nümayiş etdirdi. Əslində Qubadlının işğaldan azad edilməsi çətin hərbi vəzifələrdən biri idi, çünki bu ərazilər indiki Ermənistan ərazisi ilə həmsərhəd bölgədə yerləşir.
Beləliklə də əgər erməni işğalçıları Azərbaycan ordusunun təpərini, gücünü və qüdrətini görməsəydilər torpaqlarımızdan belə asanlıqla çıxmazdılar. Məhz Qubadlının işğaldan azad edilməsindən sonra digər rayonlar olan Laçın, Kəlbəcər, Ağdam və digər ərazilər zaman qrafiki üzrə boşaldıldı. Azərbaycan Prezidentinin bununla bağlı qətiyyətli mövqeyi və erməni işğalçılarına vaxt verməsi bu prosesdə çox böyük rol oynadı, erməni işğalçılarının ordumuz qarşısında məğlub vəziyyətdə Qarabağı tərk etməsində məhz dövlətimizin bu qəbildən olan qələbələrinin böyük rolu vardır.
Qubadlı strateji mövqe baxımından da çox önəmli yerdə yerləşir, bu baxımdan oranın müdafiəsi önəmlidir. Ermənistan digər şəhərlərimiz kimi Qubadlını, ona məxsus bütün evləri və tikililəri, mədəni məskənləri dağıtmışdır. Digər şəhərlərimiz kimi Qubadlı şəhəri də sıfırdan bərpa olunacaq və Qubadlılar öz doğma yurdlarına qayıdacaqlar. Beləliklə 4 il bundan qabaq baş tutan 44 günlük vətən müharibəsinin bizə əsas müjdələrindən biri də Qubadlı şəhərinin şanlı ordumuz tərəfindən erməni işğalçıları tərəfindən işğaldan azad edilməsi oldu və bu gün Qubadlı tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə