Ürək stimulyatoru - kardiostimulyator necə yarandı?

Amerikalı mühəndis Uilson Qreytbatç (Wilson Greatbatch, 1919-2011) əslində xəstələrin ürək döyüntü sürətini qeydə almaq istəyirdi, lakin yeni ixtirasında bir səhvə yol verdi ... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Amerikalı mühəndis Uilson Qreytbatç (Wilson Greatbatch, 1919-2011) əslində xəstələrin ürək döyüntü sürətini qeydə almaq istəyirdi, lakin yeni ixtirasında bir səhvə yol verdi. Görünür, yaxşı ki, səhv edib. Çünki bəşəriyyət yaxın dövrün ən mühüm səhiyyə cihazlarından biri olan ürək stimulyatorunu amerikalı mühəndisin bu təsadüfi səhvi nəticəsində qazandı.

Ürəyimiz bədənimizdəki bütün orqanlar üçün həyati əhəmiyyətə malikdir. Əlbəttə ki, hər bir orqanın funksiyası fərqli və dəyərlidir, lakin ürəyimizdə baş verəcək ani bir problem müdaxilə olmazsa, ən qısa müddətdə ölümə səbəb ola bilir. Ona görə tibb sahəsində araşdırmalar aparan bütün alimlər prioriteti ürək və beyin kimi həyati orqanlara veriblər. İnsanlar və heyvanlar üçün "ən əhəmiyyətli əzələ dəstəsi" xüsusiyyəti daşıyan ürəkdə müşahidə olunan ilk problemlər isə kifayət qədər yığılmağa maneə törədən, bədəndəki qan dövranını pozan və "ritm pozulması" adlandırılan sağlamlıq problemidir. Bu sahədə elmi adlandırıla biləcək ilk araşdırmalar alimlər - Uillem Eynthoven (Willem Einthoven) və Con Aleksandr MakUilyam (John Alexander MacWilliam) tərəfindən aparılmışdır.

İlk elektrokardioqrafiya qeydi 1895-ci ildə Eynthoven tərəfindən ərsəyə gətirilmiş və elm dünyasına verdiyi töhfələrə görə ona 1924-cü ildə Nobel mükafatı verilmişdir. Ürək döyüntülərinin ritminin pozulmasını təyin edən şəxs isə A.MakUilliyam olmuşdur. Şotlandiyalı alim 1889-cu ildə “ölümcül aritmiya” anlayışını ortaya qoyaraq elektrik müdaxiləsilə ürəyin yenidən işə salına biləcəyini sübut etmişdir.

Ürək döyüntülərinin ritminin pozulması üzrə çalışan bütün alimlərin ilk sınaqları tibb sahəsindəki ümumi tətbiqlər kimi heyvanlar üzərində aparıldı və bunun sayəsində ürək araşdırmalarında ciddi irəliləyişlər əldə olundu. Lakin kiçik bir problem var idi. Məqsəd insanları həyatda saxlamaq üçün bir cihaz tapmaqdı. Ancaq insanlar evdə, iş yerində və ya küçədə infarkt keçirdikdə xəstəxanaya vaxtında çatdırılmır və müalicə şansı tapmadan həyatlarını itirirdilər. Ona görə tədqiqatlar daşınabilən bir cihaz icad etmək üzərində cəmləşdi. Buna baxmayaraq, həmin dövrün texnologiyasının kifayət qədər inkişaf etməməsi və İkinci Dünya Müharibəsinin baş verməsi araşdırmaları yarımçıq qoydu.

İkinci Dünya Müharibəsindən 11 il sonra - 1956-cı ildə baş verən bir səhv ürək sağlamlığı və cərrahiyyə sahəsində inqilabi bir ixtira ilə nəticələndi. 92 yaşında vəfat edən və həyatı boyu 150-dən çox patentli ixtira sahibi olan amerikalı mühəndis ixtiraçı Uilson Qreytbatç ürək döyüntü sürətini ölçəcək bir cihaz üzərində işləyirdi, lakin yeni icadına səhv bir tranzistor taxdı. Nəticədə onun cihazı ürək ritmini qeydə almaq əvəzinə ürəyin döyüntüsünü təqlid edən elektrik siqnalları verməyə başladı. Amerikalı mühəndis ixtirasını cərrah dostu Uilyam Çardaka (William Chardak) göstərdi. İki alim birlikdə cihazı tamamladılar və 1960-cı ildə insanın ürək döyüntülərini nəzarət altına ala bildilər. Eyni dövrlərdə oxşar bir cihaz hazırlayan isveçli alimlər - Rune Elmqvist və cərrah Eyk Senninq (Ake Senning) ilk ürək stimulyatorunu açıq cərrahiyyə üsulu ilə xəstənin bədəninə kabelləri yerləşdirərək işlətməyi bacardılar.

Artıq texnoloji proseslərin də təsiri ilə süni ürək stimulyatorları kompüter korpusu böyüklüyündən ovuc içinə yerləşən ölçüyə qədər kiçilib. Səhiyyə sahəsindəki bu texnoloji sıçrayış ürək sıxıntılarında zəruri siqnallar və ya şok tətbiq etməklə xəstələrin ani olaraq ölümcül vəziyyətə düşmədən xəstəxanaya çatdırılmasını təmin edir.

Son illər bu sahədə tədqiqatlar getdikcə artmaqdadır. Naqilsiz, həblə və eyni ölçüdə ürək stimulyatorunun ilkin sınaqları uğurlu nəticələr vermişdir. Qarşıda kabelsiz ürək stimulyatorlarının həyatımıza daxil olması sevindirici olacaq. Beləcə, amerikalı bir mühəndisin təsadüfi ixtirasının indiyədək milyonlarla insanın həyatını xilas etdiyi heç vaxt unudulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə