O, iki gün əvvəl yoxa çıxmışdı...

Qızın cəsədi Tomsk vilayətindəki tərk edilmiş evdə tapılıb

...Kolpaşevo şəhərində 17 yaşlı qızın meyiti tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə mətbuat xidməti Telegram kanalında bildirilib.

Qeyd olunur ki, oktyabrın 24-ü axşam saatlarında azyaşlı qız yoxa çıxıb. Şöbədən verilən məlumata görə, bu taleyüklü gündə o, yataqxanada kiminləsə mübahisə edib, daha sonra dərsə gedib, lakin sonradan geri qayıtmayıb.

Müstəntiqlərin fikrincə, o, oktyabrın 25-də gecə saatlarında Kolpaşevo-Belıy Yar yolunun kəsişdiyi ərazidə ola bilərdi.

Bazar günü, oktyabrın 26-da məlum olub ki, onun meyiti polis əməkdaşları tərəfindən şəhərdəki tərk edilmiş evlərdən birində aşkar edilib.

İdarədən verilən məlumata görə, hazırda hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi üçün araşdırma aparılır. Materiallar əlavə qərar qəbul edilməsi üçün istintaq orqanlarına göndəriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə