İdmançıların energetik içki qəbul etməsi düzgündür? - DİETOLOQ DANIŞDI

“Son dövrlərdə həyatımıza hər keçən gün daha çox daxil olan enerji içkiləri artıq dünya miqyasında sürətlə çoxalır. Enerji içkiləri tamamilə fərqli bir məhsuldur”. Bu sözləri SİA-ya açılamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Onun sözlərinə görə, bir çox insanlar enerji içkilərinin idmançılar üçün nəzərdə tutulduğunu zənn edir: “İdmançılar üçün nəzərdə tutulan xüsusi içkilərin məqsədi, onları məşq zamanı itirilən mineral və elektrolitlərlə təmin etməkdir. Gəlin, zehni oyanıqlığı və fiziki dayanıqlığı artırmağı vəd edən enerji içkilərinin tərkibi ilə tanış olaq. Bu içkilərdəki təməl maddə kafeindir. Tərkiblərində kafeindən əlavə, taurin, quarana, jenşen, qlükoronolakton, inozitol, L-karnitin, bəzi B qrupu vitaminləri, şəkər, rəngverici və duzluluğu tənzimləyici və s. maddələr olur. Enerji içkilərinin əksəriyyətində iki fincan dəmlənmiş qəhvədə olan, yəni təxminən 200 mq kafein mövcuddur.

Bəs enerji içki qəbul etdikdən sonra orqanizmdə nə baş verir?

Təxminən 10 dəqiqə sonra kafein qan dövranımıza daxil olur, ürək döyüntülərimizi və qan təzyiqimizi artırır. 15 ilə 45 dəqiqə arasında isə qanımızdakı səviyyəsi ən yüksək həddində olur. İnsan özünü daha oyanıq və konsentrasiyasının daha güclü olduğunu hiss edir. Çünki, kafein beyində keçici olaraq adenozinin (bu kimyəvi maddə bizim nə qədər yorğun olduğumuzu göstərir) yollarını bloklayır. Həmçinin, enerji içkiləri aludəçilik yaradan dərmanlar kimi dopamin, serotonin, noradrenalin və adrenalinin həddindən artıq ifrazına və daha uzun müddətli təsir göstərmələrinə səbəb olur. Enerji içkilərinin tərkibindəki dopamin yaradılmasının öncül maddəsi olan L-tirozin kimi maddələr, daha artıq neyrotransmitter ifrazına səbəb olaraq, orqanizmdəki neyrotransmitter ehtiyatının tükənməsinə və orqanizmdə mənfi tarazlığın formalaşmasına səbəb olur. Təəssüf ki, bizim indiki yeniyetmə uşaqlarımız dükandan bu enerji içkilərini sərbəst şəkildə ala bilirlər. Belə hallarda hətda uşaqlarda belə ölüm halı belə baş verə bilir. Fikrimcə, ölkəmizdə bu enerji içkilərinin satışına bir yaş limiti qoyulsa yaxşı olardı”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə