“Əgər koronavirus Çində çıxdığı zaman onun parametrləri haqqında düzgün məlumat verilsəydi o zaman xəstəlik belə geniş yayılmayacaqdı və dünya bu məsələdən qurtulacaqdı. Lakin virus Çindən demək olar ki bütün dünyaya yayıldığı üçün infeksiyanın II və III dalğası olacaq. İndiyəqədər bu cür yayılan viruslarla bağlı gedən proseslərə nəzərə yetirdikdə bunu açıq şəkildə görmək mümkündür”. Bunu SİA-ya açıqlamasında uroloq-androloq Vasif İsmayıl deyib.
O bildirib ki, artıq bir sıra dünya ölkələri prosesin ilkin dalğasını keçib: “Birinci dalğa ilə bağlı proses sönməyə doğru gedir. Azərbaycan da bu prosesi keçib. Bu gün virusla bağlı pis tendensiyanı demək olar ki, çox az ölkədə görmək olur. Bunun da səbəbi həmin ölkələrdə karantin rejiminin gecikdirilməsidir”.
Mütəxəssisin fikrincə, Azərbaycanda pandemiyaya qarşı həyata keçirilən ciddi karantin rejimi iqtisadiyyatı ayaqda saxlamaqla tətbiq olunan rejim idi: “Karantinin məqsədi insanlarda yaşayan virusun digərlərinə ötürülməsinin qarşısını almaqdır. Virus insanda 21 maksimum isə 37 gün qala bilir. 1 ay müddətində insanların təmasının kəsilməsi ilə virusun yayılma zəncirini qırmaq mümkündür. Azərbaycanda da tətbiq olunan karantin rejimi buna xidmət etdi”.
Vasif İsmayıl söyləyib ki, karantin rejiminin yumşaldılmasında fayda var: “Lakin yumşaldılmanın bütün sahələri əhatə etməməsi virusun yenidən alovlanmasının qarşısının alınması məqsədi daşıyır. Əgər bütün sahələr birdən-birə açılsa, o zaman infeksiya yenidən geniş yayıla bilər. Bu baxımdan karantindən mərhələli şəkildə çıxmaq məqsədəuyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB