Hemodializ xəstələrinin koronavirusdan ekstra qorunmaq ÜSULLARI MÜTƏXƏSSİS TÖVSİYƏSİ

Ümümdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Nefroloqlar Cəmiyyətinin son məlumatına əsasən böyrək xəstəliyi dünya əhalisinin 10 faizi arasında yayılıb və təəssüf ki, bu rəqəm getdikcə artır. Azərbaycanda da xroniki böyrək çatışmazlığından əziyyət çəkən və hemodializ xəstələrin sayı az deyil. Belə olan halda, bu xəstələr həftədə 3 dəfə hemodializ mərkəzlərinə getmək məcburiyyətindədir. Koronavirus epidemiyasının yayıldığı bir dövrdə risk qrupuna daxil olan hemodializ xəstələri özlərini necə qorumalıdırlar?

Türkiyəli nefroloq Aydın Türkmen koronavirusa yoluxma riski yüksək olan xroniki böyrək çatışmazlığı və hemodializ xəstələrinin əlavə müdafiəyə ehtiyacı olduğunu açıqlayıb.

O bildirib ki, hemodializ xəstələri cəmiyyətin digər üzvləri kimi asanlıqla təcrid olunmur: "Çünki onlar sağ qalmaq üçün həftədə üç dəfə hemodializ mərkəzlərinə getməlidirlər. Hazırki dönəmdə hər bir xəstə mütləq şəkildə tibbi maskadan istifadə etməli, fərdi nəqliyyat vasitəsindən istifadə etməlidir. Həmin avtomobilin ciddi dezinfeksiya edilməsi mütləqdir. Bu cür xəstələr evlərinə qayıtdıqda diqqətli olmalı, bütün geyimlərini dəyişməli duş almaq imkanıları varsa duş almalı, əlləri yaxşı yumalıdırlar. Gigiyenik tədbirlər hər kəs üçün önəmlidir. Lakin xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər buna daha çox diqqət etmək məcburiyyətindədirlər. Çünki onların koronavirusa yoluxma ehtimalı daha çox və risklidir".

Nefroloqun sözlərinə görə, bu cür xəstələrdə immun sisteminin aşağı, şəkərli diabet, hipertoniya kimi digər xəstəliklərin olması COVİD-19 epidemiyasının onlar üçün üçün daha da təhlükəli edir: "Ona görə də hemodializ xəstələri qidalarına diqqət yetirməli, daha yaxşı istirahət etməlidirlər. Bu müddət ərzində həkim nəzarəti altında vitamin əlavələri də ala bilərlər. Hazırki dönəmdə B və C vitaminin istifadə edilməsi məsləhət görülür. Koronavirusda qoruyucu olduğu iddia edilən, lakin müalicədə istifadə edilən malyariya dərmanlarının istifadəsi tövsiyə edilmir".

Mütəxəssis vurğulayıb ki, COVİD-19 müalicəsi alan xəstələrdə də hemodializə ehtiyac ola bilər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur. Böyrək çatışmazlığı yalnız böyrək xəstəlikləri nəticəsində yaranmır. Həmçinin şəkərli diabet, hipertoniya xəstəlikləri də böyrək çatışmazlığı ilə nəticələnə bilər. Hemodializ bir xəstənin ömrünü uzatması üçün yaşam tərzidir. Statistikaya görə, hər il belə xəstələrin 17-24 faizi arasında ölüm halları baş verir. Azərbaycanda bu göstərici 18 faizdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə