Bakıda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmilər iştirak edib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir: "Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub". Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə çıxışında deyib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün tütünlə mübarizə ilə əlaqədar "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsinin xüsusi önəmi var: "Aparılan tədqiqatlar nəticəsində siqaretdən istifadə edənlərin 70 faiz siqareti tərgitməyə hazır olduqlarını bildirib. Qanun layihəsi qəbul edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr müəyyən olunacaq. Bu sahədə bir çox ölkələrin təcrübəsi də öyrənilib". Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, "Tütünə qarşı mübarizə üzrə" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi aparılıb. Qeyd edək ki, konfrans Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Sağlam Düşüncə" Gənclər təşkilatının icra etdiyi "Tütünsüz Cəmiyyət" layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB