"Bu gün təcili yardım briqadaları tam şəkildə avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunub. Çağırışlar daxil olduqdan sonra onların təcili və ya təxirəsalınmaz olduğu müəyyənləşir". SİA-nın xəbərinə görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin operativ və hospital işlər üzrə müavini Murad Mirzəzadə son vaxtlar təcili yardım avtomobillərinin çağırış yerlərinə gecikməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O bildirib ki, təcili çağırışlara ürək-qan damar sistemi xəstəlikləri, insult, infarkt, uşaqlarda qıcolmalar, qızdırma, təxirəsalınmaz çağırışlara isə baş ağrısı, böyüklərdə qızdırma və digərləri daxildir: " Təbii ki ilk növbədə təcili yardımlara üstünlük verilir. Təxirəsalınmaz yardımlar isə 1 saat müddətində icra edilir. Heç bir çağırış cavabsız qalmır, sadəcə, müraciətlər təcili və təxirəsalınmaz olmasına əsasən çeşidlənir və briqadalar yerlərə göndərilir".
Çağırışların vaxtında ünvana çatmamasının digər səbəbindən söz açan M. Mirzəzadə qeyd edib ki, bir çox hallarda ünvanların düzgün bildirilməməsi çağırışların gecikməsinə səbəb olur: "Bunu nəzərə alaraq biz Səhiyyə Nazirliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə müraciət etmişik. Hazırda təklif araşdırılır. Bəzən çağırış edən şəxs öz ünvanını deyə bilmir. Bu isə tibbi briqadanın çağırış ünvanını müəyyənləşdirməsinə çətinlik törədir. Belə hallar olan zaman biz vətəndaşlardan kommunal xidmətlərin qəbzləri üzərindəki ünvanları bizə demələrini xahiş edirik. Keçən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb. "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. Bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB