Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev İtaliya Respublikası Səhiyyə Naziri xanım Beatris Lorenzinin dəvəti ilə Milan şəhərində "Sağlamlıq və Qidalanma" mövzusunda keçirilmiş konfransda iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Milan EXPO Sərgi Kompleksinin İtaliya Pavilyonunda təşkil olunub.
Tədbirdə Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktor müavini Dr. Jomo Sundaram, Ümumdünya Səhiyyə təşkilatı Baş Direktor müavini Dr. Oleq Çestnov və İtaliya Parlamenti komitələrindən senatorlar Emiliya De Biazi və Mario Marazziti, habelə Avropa, Asiya, Afrika regionunun səhiyyə rəsmiləri iştirak ediblər.
Tədbirin gündəliyində Avropada "Səhiyyə-2020" siyasəti kontekstində əsas prioritet məsələlərdən olan sağlam qidalanma və qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ana südü ilə qidalanma, piylənmə və uşaqlarda izafi çəki ilə bağlı xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətlərinin bu sahədə təkmilləşdirilməsi, maliyyə böhranı ilə əlaqədar olaraq əhali arasında sosial qeyri-bərabərlik və digər məsələlər daxil olunub.
Açılış nitqi ilə çıxış edən İtaliyanın Səhiyyə Naziri xanım Beatris Lorenz tədbir iştirakçılarını salamlayaraq öz çıxışında qeyri infeksion xəstəliklərə qarşı mübarizə, sağlam həyat tərzinin təşviqi, sağlam qidalanma və bu sahədə İtaliya Respublikasının təcrübəsindən geniş danışıb.
Sağlamlıq və qidalanmaya aid ayrı-ayrı sessiyalar çərçivəsində davam edən konfransın sessiyalarında qidalanma və həyat tərzi, qidalanma və səhiyyə siyasəti, qida təhlükəsizliyi, bu sahədə elmi-tədqiqat işlərinin aparılması, sağlam qidalanma sahəsində maarifləndirmə və aktiv həyat tərzinin təşviqi və digər məsələlərə dair müzakirələr aparılıb.
Konfrans çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev İtaliya Respublikasının səhiyyə naziri Beatriz Lorenz ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin indiki vəziyyəti, 2010-cu ilin noyabrında imzalanmış Sazişin müddəalarının yerinə yetirilməsi və digər məsələlər müzakirə edilib. Həmin görüşün sonu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İtaliya Respublikası Səhiyyə Nazirliyi arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.
İmzalanan Fəaliyyət Planında aşağıdakı sahələr üzrə əməkdaşlıq əlaqələri əks etdirilib:
- infeksion və qeyri-infeksion xəstəliklər, xüsusilə diabet, talassemiya və digər prioritet sahələr üzrə əməkdaşlıq;
- ümumi, torakal, pediatrik cərrahiyyə, neonatalogiya, intensiv terapiya, anesteziologiya və digər sahələr üzrə təlimlərin keçirilməsi, potensialın artırılması və qabaqcıl təcrübənin tətbiq olunması;
- nümunəvi tibb mərkəzləri, tədqiqat proqramları və inkişaf layihələri şəbəkələrində birgə iştirak;
- səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın qarşılıqlı surətdə razılaşdırılmış digər formaları;
- səhiyyə statistikası və epidemioloji məlumat mübadiləsinin aparılması.
Görüşdə, həmçinin hər iki ölkənin səhiyyə sistemlərinə, onların işləmə mexanizminə dair qarşılıqlı biliklərin qazanılması, habelə səhiyyə işçilərinin və tədqiqat aparan işçilərin təkmilləşdirilməsi məqsədilə ekspertlərdən ibarət nümayəndə heyətlərinin prioritet sahələr üzrə təlim səfərlərini təşkili, xəstəxanalar, xüsusi tibb müəssisələri arasında əməkdaşlığı və bu cür qurumlar arasında birbaşa müqavilələrə əsaslanan tibbi tədqiqat və təlimlərin təşviqi müzakirə olunub.
Fəaliyyət Planının yerinə yetirilməsi üzrə müştərək işçi qrupun yaradılması və yaxın zamanda İtaliyalı ekspertlərin Azərbaycana səfəri razılaşdırılıb. Danışıqlar zamanı əczaçılıq sahəsində əməkdaşlığın müstəsna əhəmiyyəti də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB