Yardımlıda tibb məntəqəsi tikilib FOTOLAR

Yaponiya hökumətinin dəstəyi ilə
Yardımlıda tibb məntəqəsi tikilib FOTOLAR

Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyinin həyata keçirdiyi "Yardımlı rayonunun Hamarkənd kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İcra başçısı S.Hətəmov görülən işlərin regionların sosial inkişafına müsbət təsirindən söz açaraq, Yaponiya hökumətinə rayon sakinləri adından minnətdarlığını çatdırıb.

Səfir TsuquoTakahaşi isə çıxışında indiyə kimi Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirilib ki, bu layihə Yardımlıda Yaponiya səfirliyi tərəfindən maliyyələşən dördüncü işdir.

Mərasimində çıxış edən kənd ictimaiyyətinin nümayəndələri bu layihənin həyata keçilməsində əməyi keçən hər bir kəsə, o cümlədən Yaponiya xalqına və Yaponiya hökumətinə təşəkkürlərini bildiriblər.

Sonra rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları tibbi məntəqənin yerləşdiyi binadakı şəraitlə, tanış olublar.

Qeyd edək ki, Yardımlının Hamarkənd kəndində tibb məntəqəsinin tikintisi layihəsinin ümumi dəyəri 103,062 ABŞ dollardır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə